Prezident: Azərbaycan MDB-də üzvlüyə böyük əhəmiyyət verir
Biz MDB-də üzvlüyə böyük əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib.
Azərbaycan dövlətinin başçısı bildirib ki, MDB müəyyən tarixi hadisələr nəticəsində yaradılıb.
“Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.
İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd edib:
“Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür.
Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik”.
Mənbə:> Oxu.Az