Ekspertlər növbəti devalvasiyadan danışırlar
Azərbaycan-ABŞ münasibətləri, Beynəlxalq Bankı «sağlamlaşdırmaq» adı ilə ayrılan milyardlar, ölkə banklarının mövcud durumu və növbəti devalvasiya xəbərdarlığı bu gün medianın aparıcı mövzusudur.
ENERJİ LİDERİ
«Azərbaycan» qəzetində «ABŞ Azərbaycanı «enerji lideri» elan etdi» sərlövhəli məqalə dərc edilib. Məqalədə ABŞ siyasətinin dünyadakı yerindən və bu ölkənin Azərbaycana verdiyi önəmdən bəhs edilir. Müəllif yazır: «ABŞ dünyanın iqtisadi nəhəngi, hərbi gücü, siyasi monopolistidir. Yəni şəriksiz fövqəldövlətdir. Onun maraqları artıq Yer planeti ilə məhdudlaşmır, qalaktikanı təsir dairəsinə alır. Dünya siyasətini müəyyənləşdirir. İqtisadi-maliyyə proseslərinin gedişini birbaşa nəzarəti altında saxlayır, ən ucqarlarda baş verən münaqişələr belə onun diktəsi ilə ya başlayır, ya da bitir. Ağ Evin «qara siyahı»sına düşmək o ölkənin və xalqın müqəddəratı üçün böyük təhlükə sayılır».
Müəllifin düşüncəsinə görə, ABŞ-Azərbaycan münasibətləri isə «hökm verən və icraçı» müstəvisində yox, tərəfdaşlıq, maraqların uzlaşdırılması kontekstindədir.
Məqalədə ABŞ prezidenti Barack Obama-nın 28 may Respublika Günü ilə bağlı təbrik məktubu belə dəyərləndirilir: «Azərbaycanın müstəqil olduğu 25 il ərzində Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləməsinin xatırlanması əlamətdar idi. ABŞ tərəfindən Azərbaycanın «enerji lideri» elan olunması ondan dəfələrlə artıq əlahiddəlik daşıyırdı».
ŞƏFFAFLIQ OLMAYANDA
Ekspert Rövşən Ağayev Beynəlxalq Bank ətrafında baş verənləri «Azadlıq» qəzetinə şərh edib. «Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı şəffaflıq olmadı. Məntiqlə bütün günahlar tutulanlarda və vurulanlarda idisə, hökumət problemin bütün detallarını ictimaiyyətə açıqlamalı idi»,- deyə R.Ağayev qeyd edib.
İqtisadçının fikrincə, bank dəqiq açıqlamalı idi ki, problemli aktivlərin həcmi nə qədərdir, bankın əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməkdən ötrü nə qədər maliyyə dəstəyinə ehtiyac var: «Ötən il elan olundu ki, dövlət büdcəsindən «Aqrarkredit» vasitəsilə Beynəlxalq Banka 3 milyard manat ayrılacaq. İndi məlum olur ki, 2016-cı il yanvarın 1-nə «Aqrarkredit»ə olan borc 5.6 milyard manata çatır. Aydın məsələdir ki, dövlət büdcəsindən əlavə ödənilən 3 milyard manat «Aqrarkredit»in vəsaiti deyil. Bəs bu hansı mənbədən ödənib?».
Ekspert bu məsələ ilə bağlı öz ehtimalını dilə gətirir: «Yeganə ehtimal odur ki, dövlət büdcəsindən cəlb etdiyi vəsait qədər də Mərkəzi Bank öz resursları hesabına bu banka dəstək verib».
R.Ağayev əlavə edir ki, Beynəlxalq Banka 2015-ci ildə göstərilən maliyyə dəstəyi onun aktivlərinin 60 faizi qədər olub: «Fantastik dərəcədə böyük məbləğdir. Banka verilən bu dəstəyin həcmi ölkənin bütün bank sektorunun məcmu kapitalından, az qala, 40 faiz çoxdur…».
BANKLAR İFLAS ASTANASINDA
«Novoye Vremya» qəzetində dərc edilən «İslahatlar bankları sağlamlaşdıracaq» sərlövhəli məqalədə isə ölkədəki bankların ümumilikdə mövcud durumu dəyərləndirilir. Müəllif yazır: «İki devalvasiyadan sonra manata etimad bərpa edilməyib, ölkə banklarında dollarlaşma daha da sürətlə gedir. Hakimiyyət isə buna qarşılıq verə bilmir».
Müəllif yazır ki, indiki halda bankların kapitallaşması faktiki mümkün deyil. O buna səbəb kimi gəlirlərin kəskin azalması üzündən dövlətin banklara maliyyə dəstəyini kəsməsini göstərir. Məqalədə qeyd edilir ki, ölkədə yalnız bir-iki bank dayanıqlığını qoruyub. Qalanları isə iflas həddinə çatıb. Müəllifin gəldiyi nəticəyə görə, bütün bunlara da səbəb Mərkəzi Bankın aparmış olduğu siyasətdir. Müəllif yazır ki, bank sektorundakı bu durum təkcə manata yox, Mərkəzi Bank rəhbərliyinə də etimadı heçə endirib:
«Köklü islahatlar olmadan bank sistemində dollarlaşmanın azalmasına, onun kapitallaşmasına nail olmaq, problemli kreditlər məsələsini həll etmək mümkün deyil. Ölkə iqtisadiyyatında durum ağır olaraq qalır, artım perspektivi yoxdur. Neftin dəyəri isə sabit deyil».
DEVALVASİYA XƏBƏRDARLIĞI
«Yeni Müsavat» qəzetində isə «Manat iyunda yenidən dəyərdən düşə bilər» sərlövhəli məqalə dərc edilib. Yazıda ekspertlərlə manatın yaxın gələcəkdəki taleyi proqnozlaşdırılıb.
Ekspert Əkrəm Həsənov dolların son aylar kursunun düşməsini növbəti devalvasiya öncəsi durum kimi dəyərləndirir: «Ola bilər ki, tezliklə devalvasiya olacaq. Elə kəskin devalvasiya olmaya da bilər. İndiki məzənnə sünidir, çünki dövriyyədə manat kütləsi azdır, əhali dolları manata çevirib ödənişlər edir. Bu Mərkəzi Banka sərf edir. Amma MB əvvəl-axır manat kütləsini artırmalı, kreditlər verməlidir. Kreditlər verməzsə, iqtisadiyyatın durumu pisləşəcək. Manatın taleyi isə neftin dəyərindən asılıdır, neft isə, hələ də, qalxmır».
Ə.Həsənovun fikrincə, manatın indiki kursda qalması mümkün deyil.
İqtisadçı Vüqar Bayramov isə manatın gələcək taleyi ilə bağlı fikrilərini belə ümumiləşdirir: «Mövcud iqtisadi qanunlarla milli valyuta uzun müddət möhkəmlənə bilməz. Real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi xarici valyutaya tələbatı artıracaq. Enerji məhsulları ümumi ixracın 85 faizini formalaşdırdığı üçün, manatın gələcək taleyi də daha çox neftin dəyərinin dünya bazarında dəyişməsindən asılı olacaq».
Mənbə:> AzadlıqRadiosu