Dördüncü İslam Həmrəylik Oyunlarının geri sayımı başladı – FOTO
Dördüncü İslam Həmrəylik Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə mayın 12-də Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, tədbir çərçivəsində milli idman növü olan zorxana nümayiş etdirilib. Həmçinin zorxana milli idman növünün IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edildiyi qeyd olunub.
Sonra mötəbər yarışın başlanması ilə bağlı geriyə sayıma start verilib və lazer effektləri ilə “Alov şou”su təqdim olunub. Azərbaycanın görkəmli bəstəkarı Soltan Hacıbəyovun "Karvan" simfonik muğamının müşayiəti ilə Oyunların proqramına daxil olan idman növləri təqdim edilib.
Dördüncü İslam Həmrəylik Oyunları gələn il mayın 12–dən 22-dək Bakıda keçiriləcək və İslam dünyasını birləşdirən çoxnövlü idman yarışıdır. İslam dövlətlərindən 5 minədək atlet Bakıda 16 müasir yarış məkanında birincilik uğrunda mübarizə aparacaq.
Mötəbər yarışın idman proqramına atletika, para-atletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, para-cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il sentyabrın 17-də 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.
Bu Oyunların Bakıda keçirilməsi barədə qərar 2013–cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında qəbul olunub.
Mənbə:> AzərTAc