Birinci xanım Mehriban Əliyeva “Qəhrəmanlar unudulmur” adlı tədbirdə » AzNews.info -Xəbər portalı

Birinci xanım Mehriban Əliyeva “Qəhrəmanlar unudulmur” adlı tədbirdə

Birinci xanım Mehriban Əliyeva “Qəhrəmanlar unudulmur” adlı tədbirdə


“Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.

“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşdü - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd etdi.

“ADA” Universitetinin prorektoru Emin Hüseynov bildirdi ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir. Məzunlara diplomlar təqdim edildi. Rektor Hafiz Paşayev məzunları təbrik etdi.

Sonra çıxış edən “ADA” Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışdı. Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qalib Məmmədov bildirdi ki, “ADA” Universiteti bu dövlətin, bu xalqın sayəsində yaradılıb. Buna görə də təhsil ocağı istedadlı gəncləri tapıb oxutmalıdır. Bu məqsədlə təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə dəfələrlə qayıdıldı. Bildirildi ki, aprelin əvvəlində bütün dünyanın gözü Azərbaycanda idi. Dörd gün bütün Azərbaycan ayaq üstə idi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 il ərzində ən irimiqyaslı döyüşlər baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçirildi. Milli Ordumuz bizə qələbə sevinci yaşatdı. Amma bunun ağrı-acısı da oldu. Şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi Qara Qarayevin “Matəm odası” əsərinin müşayiəti ilə anıldı.
“ADA” Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırlatdı. Diqqətə çatdırdı ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusu ilə bölüşdü və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirdi. Bu gün isə bu arzu artıq reallığa çevrilib və “ADA” Universiteti öz 10 illik yubileyini qeyd edir. “Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim”, - deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin “Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur” sözləri ilə yekunlaşdırdı.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirdi. Qeyd etdi ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin “qara qızıl” sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim “insan qızılı” haqqındadır. Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışdı. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirdi.

Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *