İlham Əliyevin Putinlə telefon danışığı: Atəşkəs pozularsa...
Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bunu prezident İlham Əliyev aprelin 5-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışında deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün günorta saatlarından atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.
V. Putinin təşəbbüsü ilə baş tutan telefon söhbətində dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Rusiya prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. O, atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
Mənbə:> APA