Ordumuz iki şəhid verdi
Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib. Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazsinə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.
Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu (əsas fotoda) və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.
Mənbə:> Oxu.Az