Siyavuş Novruzov: Azərbaycanda böhran yoxdur
Hər bir siyasi partiya müxtəlif məsələləri müzakirə etmək hüququna malikdir. Hər bir siyasi partiyanın da funksiyası alternativ təkliflər verməsidir.
AzNews.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, müxalifət partiyalarının dəyərli təklifləri olacaqsa, iqtidar bu təkliflərə baxacaq:
"Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycanda böhran yoxdur. Neftin qiymətinin düşməsi və manatın devalvasiyası ilə bağlı kiçik problemlər var. Bu problemlərin həlli üçün müxtəlif proqramlar həyata keçirilir və problemlər aradan qaldırılır. Bununla bağlı cənab prezidentin bir sıra müşavirələri keçirilib. Həm sahibkarlarla, həm də dövlət adamları, rayonların icra başçıları ilə.
Müxtəlif tapşırıqlar, tövsiyələr verilib ki, insanların ixtisara salınması prosesi olmasın, insanlara yaxşı əməkhaqqı verilsin. Onların iş fəaliyyəti yaxşılaşdırılsın, yeni-yeni iş yerləri açılsın. Digər tərəfdən manatın stabilliyi ilə bağlı bank sektorunda islahatlar gedir. Bundan başqa müxtəlif qurumlara göstəriş verilib ki, sahibkarlara süni əngəllər yaradılmasın. Kiçik və orta sahibkarlıq yüksək səviyyədə inkişaf etsin. Müxalifətin hər hansı yeni təklifləri varsa, buyura bilərlər. Buyursunlar təkliflərini irəli sürsünlər".
Xatırladaq ki, ölkədə yaranmış iqtisadi böhranla əlaqədar olaraq bir sıra müxalifət partiya və qurumları bir araya gələrək müzakirələr aparmaqda, öz fikirlərini səsləndirməkdədirlər.
Mənbə:> Moderator.az