Prezident: “Görürsən ki, bütün bazarı öz əlinə götürür…”
Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Prezident İlham Əliyev deyib.
Prezident bildirib ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülməlidir:
“Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün”.
Mənbə:> Axar.az