Prezident İlham Əliyev: "Məmurlar və ailə üzvləri yekəxanalıq etməməlidirlər"
Dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə ictimai işlərə daha çox üstünlük verilir. Bizdə böhran yoxdur. Hazırda iqtisadiyyat sürətlə inkişaf edir. İnkişafımız dayanıqlı olacaq.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib: "Ancaq mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın. Hər kəs iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr və tapşırıqlar mütləq icra edilməlidir. Bu il müvəqqəti ictimai işlərə biz daha çox insanları cəlb etməliyik. Onlara maaş veriləcək. Onlar da xalq, dövlət üçün çalışsınlar. İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür".
İlham Əliyev bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz bəhrəsini verir: "Korrupsiya böyük bəladır, bütün ölkələr, o cümlədən də Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, həm də inzibati addımlar atılır, institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. "ASAN xidmət" artıq iki il ərzində 7 milyon insana xidmət göstərib. Bu 7 milyon insan iki il ərzində "ASAN xidmət"də korrupsiya görməyib. Ancaq əvvəlki dövrdə hansı qapıya gedilibsə, qanuni arayışa, qanuni icazəyə və s. görə onlardan nə isə tələb olunub. Ona görə də institusional tədbirlər ən səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək və edilir. Burada heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bunu bir daha göstərdi".
Prezident əlavə edib ki, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borcunu yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq və cəzalandırılır: "Xalq da, ictimaiyyət də bunu görür. Hamı da bilsin. Azərbaycanda bir nəfər də olsa, toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir. Mən artıq qeyd elədim ki, yerli icra orqanları bu il daha çox iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsi ilə məşğul olmalıdırlar. Müntəzəm olaraq, Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə əldə edilmiş nailiyyətlə bağlı məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm - hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xaql bizə etibar edib. Biz də bu etimadı, inamı hər gün doğrultmalıyıq".
İlham Əliyev vurğulayıb ki, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar: "Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq etməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var, insanlara xidmət etmək, onların problemlərini həll etmək, onlara qayğı göstərmək, məmurlar insanları incitməməlidirlər. Əksinə, insanlara qayğı, diqqət göstərə bilməlidirlər və onlara kömək etməlidirlər. Mən bir də demək istəyirəm, bütün bu faktorlar onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.
İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan 2016-cı ildə, bundan sonrakı illərdə də uğurla inkişaf edəcək: "Biz müstəqillik yolu ilə gedirik, inkişaf yolu iə gedirik".
Mənbə:> Trend