İlham Əliyev İsveçrədə – FOTO
Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukrayna məhsullarına qoyduğu embarqo ilə bağlı yaranan vəziyyəti müzakirə ediblər, həmçinin Xəzər dənizindən keçməklə Çin və İran istiqamətində tranzit marşrutunun inkişafı üçün zəruri hərəkətləri əlaqələndiriblər.
Oxu.Az-n xəbərinə görə, bu barədə Davosda iki ölkə başçısı arasında keçirilən görüşün yekunu üzrə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna və Azərbaycan prezidentləri Rusiyanın Ukrayna məhsullarına qoyduğu embarqo və tranzit daşınmaları üzrə qadağa ilə bağlı yaranan vəziyyəti müzakirə ediblər. Bununla əlaqədar dövlət başçıları İliçevskidən “Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin” marşrutu üzrə ilk konteyner qatarı reysinin uğurla yola salınmasını alqışlayıblar. Pyotr Poroşenko və İlham Əliyev Xəzər dənizindən keçməklə Çin və İran istiqamətində tranzit marşrutunun inkişafı üçün zəruri hərəkətləri əlaqələndiriblər”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, tərəflər neft-qaz və energetika, həmçinin tikinti, nəqliyyat və rabitə sahələrində ikitərəfli ticari-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
“Azərbaycan tərəfi Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edib”, – deyə məlumatda qeyd olunub.
22.01.2016 21:57
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edildi. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17:25
Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısı keçirilib.
Oxu.Az-ın dövlət başçısının rəsim saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
15:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb.
Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olunub, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.
İlham Əliyev bu gün Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bu gün dövlət başçısının Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə də görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.
Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
14:51
Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.
Bu barədə AzNews.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
21.01.2016 (23:59)
Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.
Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
“Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirdi.
Dövlətimizin başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verdi.
Baş nazir Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin Pakistanda böyük hörmətlə xatırlandığını, Ulu Öndərin İslamabada səfəri zamanı onunla görüşünü ehtiramla xatırladığını, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini diqqətə çatdırdı.
Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Məhəmməd Navaz Şərifin ümummilli lider Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi, Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin əsasını qoyduğunu dedi, Azərbaycan xalqının Pakistana böyük rəğbət hissi bəslədiyini vurğuladı.
Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edildi. Dövlətimizin başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirdi.
Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olundu.
21:58
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edib.
15:52
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
AzNews.info AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün Azərbaycan Prezidentinin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də görüşüb baş tutub.
Görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
15:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.
AzNews.info AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub.
“Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulanıb. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib.
Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
13:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub.
AzNews.info AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı, bu baxımdan yeni imkanlar müzakirə edildi.
12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.
AzNews.info AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
08:12
Yanvarın 20-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.
Elə həmin gün prezident İlham Əliyev Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını İlham Əliyevə çatdırıb. Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb.
Bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulanıb. Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirib ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib.
Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş edib.
23:02 (20.01.2015)
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki , görüşdə qeyd olunub ki, “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır.
“LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.
Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
22:51
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.
Baş nazir Əhməd Davudoğlu Azərbaycan dövlət başçısına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
22:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
AzNews.info AzərTAc-a istinadən bildirir ki, prezident İlham Əliyev Azərbaycan ilə "Lazard Avropa" şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
"Cənub qaz dəhlizi" layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan "Lazard Avropa" şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir.
O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə "Lazard Avropa" şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
18:50
Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrəyə işgüzar səfərə gedib.
AzNews.info AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
Mənbə:> Oxu.az / AzərTAc