G20 liderləri artıq Antalyadadır
Türkiyənin Antalya şəhərində G-20 ölkələrinin liderlərinin toplantısı yaxın saatlarda başlayacaq.
Əslində zirvə sammiti daha tez başlamalı idi. Lakin proqramda müəyyən dəyişikliklər edilməsi, üstəlik, E-20 (Əmək-20) tədbirinin keçirilməsi səbəbindən dünyanın gözünü dikdiyi toplantının vaxtı geriyə çəkilib.
Fransa prezidenti xaric artıq dəvətli liderlər Türkiyədədir. Rusiya, Hindistan, Yaponiya, İndoneziya, Cənubi Koreya və s. ölkələrin dövlət və hökumət başçıları, BMT-nin baş katibi, Avropa Birliyinin rəhbərliyi son gələnlər sırasındadır.
Yerli vaxtla saat 06:52-də Antalya hava limanına enən ABŞ prezidenti Barak Obama daha sonra güclü qoruma altında sammitin keçiriləcəyi Bələkdəki "Regnum" otelinə gəlib.
Ümumiyyətlə, liderlərin əksəriyyəti “zirehli” "Regnum" otelində yerləşib.
Zirvə sammitinin daha gec başlaması həm də başqa bir hadisə ilə bağlıdır. Təşkilatçılar deyib ki, Türkiyə prezidenti Ərdoğanla ABŞ lideri Obama arasında 1-1,5 saatlıq qapalı görüş nəzərdə tutulub. Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bu görüşdə çox mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir.
"Regnum"a giriş isə həmişəki kimi məhduddur. Təhlükəsizlik xidməti girişin qapalı olduğunu bildirib. Giriş yalnız qırmızı kart alanlar üçündür, lakin media mənsubları sarı kartdan istifadə etdiyindən onlar yalnız bir neçə yüz metrlikdən sadəcə, sammitin düzənlənəcəyi otelin görüntülərini ala biləcəklər.
Ərazidə isə jurnalist ordusu var. Dünyanın hər tərəfindən gəlmiş media mənsubları kameralarını qurub, hazır dayanıblar. Hər kəs Azərbaycanda da həssaslıqla izlənilən, prezident İlham Əliyevin də fəxri qonaq kimi qatıldığı G-20-də hansı məsələlərin müzakirə olunacağını, nə kimi qərarların veriləcəyini intizarla gözləyir
Mənbə:> Musavat.com