Putinlə Obama bir-biri ilə "sən"lə danışıb
Rusiya və ABŞ prezidentləri arasında konstruktiv əlaqələr var.
Xarici KİV-lərin verdiyi xəbərə görə, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onların arasında kifayət qədər işgüzar və çox konstruktiv əlaqələr var. Bu da onlara imkan verir ki, kəskin məsələləri birbaşa qoysunlar, bu və ya başqa mövzularla bağlı anlaşılmazlığı, necə deyərlər, gizlətməsinlər” - deyə mətbuat katibi bildirib.
D.Peskovun sözlərinə görə, iki dövlətin başçıları bir-birinə adı ilə müraciət edir: “Onlar bir-birinə "Vladimir" və "Barak" deyirlər. Belə demək olar ki, “sən”lə danışırlar”.
Qeyd edək ki, Barak Obama və Vladimir Putin arasında Ukrayna böhranına görə iki illik fasilədən sonra ilk görüş bu həftə BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.
Mənbə:> Musavat.com