Polis bayraq açan azarkeşi ikinci mərtəbədən yerə atdı » AzNews.info -Xəbər portalı

Polis bayraq açan azarkeşi ikinci mərtəbədən yerə atdı – VİDEO

Polis bayraq açan azarkeşi ikinci mərtəbədən yerə atdı


Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

AzNews.info futbolinfo.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Kipr "Apollon"unu 1:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.

"Bakcell Arena"da keçirilən oyun həm də arzuolunmaz hadisə ilə yadda qalıb. Belə ki, "Qəbələ"nin Bakıda yerləşən fan-klubunun üzvləri oyundan sonra tribunada Türkiyə bayrağı açdığı üçün polislərin hücumuna məruz qalıb. Polislər həmin azarkeşləri döyüb. Hətta fanatlardan birini döyərək, ikinci mərtəbədən aşağı atıblar.

Bu vəhşiliyə dözməyən "Qəbələ" klubunun rəsmiləri də polislərə etiraz ediblər. Hazırda həmin fanatlar arasında özündən gedənlər var və ətrafdakılar onlara kömək edir. Digər tərəfdən stadiondan çıxan azarkeşlərin əksəriyyəti isə evlərinə getməyib. Onlar stadionun qabağında polislər əlehinə şüarlar səsləndiriblər.



***

“Qəbələ”nin gözəl qələbəsi, pley-offda 2 komandamızın oynayacağı, dolu tribunalar – indi bu mövzuları əhatə edən yazılar oxumalıydız. Təəssüf ki,”Apollon”la matçın bitimində elə şeylər baş verdi ki, futbol arxa plana keçdi.

***

Mənim polisim məni qoruyur - əslində, belə deməliyik, belə olmalıdı. Amma indi vəziyyət elədi ki, mənim polisim məni döyür. Səbəb nədi? Ya vəzifə borcunu bilmir, ya da “mənim” polisim deyil, xalqın yox, kimlərinsə asayişinin keşiyindədi. Onlara görə xalqı döyə, ayaqlaya, hətta öldürə bilər.

***

"Bakcell Arena"da keçirilən oyun çox arzuolunmaz hadisələrlə yadda qaldı. "Qəbələ"nin Bakıda yerləşən fan-klubunun üzvləri əyləşən tribunada – matçın final fiti verilən kimi – “vətəndaş müharibəsi” başladı. Qoluzorlu polislər futbol üçün, ölkənin imici üçün tribunalarda bir boş yer belə qoymayan azarkeşlərin bir qismini sillə-təpik altına saldı.

Vəhşiliyin son həddi idi. Bir azarkeşi tribunanın ikinci mərtəbəsindən aşağı tulladılar, ikisini oturacaqların üstü ilə aşağı sürüdülər, onlara kömək göstərmək istəyənləri isə ölümünə döydülər.

***

Azarkeşlərə inansaq, polis vəhşiliyi yaxınlıqda əyləşən kiprli azarkeşlərin tribunaları tərk etiyi zaman başlayıb. Kipr bayraqları ilə “silahlanan” qonaqlar stadionu tərk edərkən bizimkilər “Türkiyə, Türkiyə” qışqırmağa başlayıb və qardaş ölkənin bayrağını açıblar. Bu isə polislərin xoşuna gəlməyib, onlar bayrağı azarkeşlərdən almağa cəhd edib, buna nail olmayanda müqavimət göstərənləri döyüblər.

***

Polislərə vəzifə borcları haqda dərs keçmək istəmirəm, ancaq əminəm ki, onların bu baxımdan bilikləri sıfrın altındadı. Onların əmr aldıqları rəislərinin vətən, millət, bayraq sevgisi isə ən azı kreslo sevgisindən azdı. Elə olmasaydı, heç olmasa, Cənubi Kiprdə yandırılan Azərbaycan bayrağına görə bu hərəkətə yol verməzdilər. Polislər anlamalıdı ki, onların işi döymək, öldürmək yox, təhlükəsizliyi təmin etmək, iğtişaşın qarşısını almaq, asayişi qorumaqdı. Əliyalın xalqa qarşı zora əl atmaq zəiflərin, işbilməzlərin, bacarıqsızların yeganə silahıdı.

***

Ən dəhşətlisi odur ki, bütün bunlar Baş Polis İdarəsinin ƏN YÜKSƏK RÜTBƏLİ rəislərinin gözü önündə, birbaşa göstərişi ilə həyata keçirildi. Bunu bizə insanlıq hissini itirməyən, başverənlərə görə vicdanı sızıldayan tək-tük polis işçilərindən biri dedi: “Oyunun əvvəlində skyboxda əyləşən bir polis zabiti azarkeşlərin çılğınlığına hirslənib. Oyun qurtardıqdan sonra dedi ki, döyün bunları”.

***

Ciddi xəsarət alanlardan ikisinin adını dəqiqləşdirə bildik: Aqil və Nəriman. Üçüncüsü azyaşlıdı. Sınıqları olmasa da, həkimlər tomoqrafiya ediblər. Şübhələr var ki, daxili orqanlarını zədələyiblər. Hətta birinin ağzından qan gəlir.

Vəhşiliyə dözməyən "Qəbələ" klubunun rəsmiləri də polislərə etiraz ediblər. Hadisə yerində olan əməkdaşımızın gözü qarşısında ciddi mübahisə də yaşanıb. Amma polislər yenə ucuz bəhanəylə özlərinə haqq qazandırmağa çalışıb: “Bizi söyürdülər”. Guya ki, azarkeşləri sakitləşdirmək istəyərkən onlar polis işçilərinə hücum edib, vurublar. Ancaq nədənsə Mərkəzi Gömrük Xəstəxanasına təcili yardım maşınları ilə daşınanların arasında bir nəfər də polis yox idi, hamısı azarkeşlər idi – döyülmüş, şil-küt edilmiş azarkeşlər.

***

Xəstəxanaya aparılması lazım bilinməyən, amma yoldaşlarının qolları arasında stadionu tərk edən iki nəfərin dediklərini də eşitməyə dəyərdi. Onlar məhz polis özbaşnalığına görə dövləti, rəhbərliyi, polisləri söyür, jurnalistləri də qınayırdılar. Yaxşı ki, polislər onları eşitmədi, yoxsa onlar da bölməyə aparılan 10-a yaxın fanatın sayını bir qədər də artıracaqdı. Bölməyə aparılanlar polisin vəhşiliyinə çılğınca etiraz edənlər idi.

***

Azarkeşlər oyun bitəndən xeyli sonra da “Bakcell Arena”nın giriş qapısının qarşısını kəsib etiraz edir, polis özbaşnalığına aydınlıq gətirilməsini istəyirdilər. Onların etirazından sonra polislər növbəti dəfə onlara hücum edib döyməyə başladılar. Bu dəfə olayları telefonun yaddaşına köçürən jurnalistlər də hədəfə çevrildi. Onların telefonları əlindən alınır, polis maşınlarına tərəf sürüdülürdülər. Bəlkə də UEFA nümayəndəsi müdaxilə etməsəydi, “qanun keşikçiləri” kimisə öldürməkdən də çəkinməzdilər.

***

Bu, bir Azərbaycan reallığıdı. “Qarabağ”, “Qəbələ” oyunu, nəticəsi ilə camaatı tribunalara gətirdiyi bir vaxt polis onları döyərək, əzişdirərək qaçaq salır. Bu yazını oxuyandan, polis özbaşınalığını görəndən sonra neçə-neçə futbolsevər bu gözəl oyundan üz çevirəcək, xəstəxanaya düşən, ölümcül döyülən azarkeşlər, onların yaxınları futbola tüpürəcək, polislərə, onların hərəkətlərinə göz yumanlara nifrət edəcək.

Mənim polisim məni döyür… Vəhşicəsinə!

VÜSAL MAHMUDOV

Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *