Elman Rüstəmov daha bir bankı bağladı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.
Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.
Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirirki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.
“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.
Mənbə:> Trend