Bakıda “Peyk şəhər” tikiləcək – FOTO
Yaxın illərdə Hövsan qəsəbəsində “Peyk şəhər” adlı unikal layihənin icrasına başlanılacaq.
AzNews,info-nun məlumatına görə, hazırda layihənin kompleks inkişafı üzərində iş gedir. Bu barədə tikinti işlərini həyata keçirəcək “AS Group İnvestment” şirkətindən AzərTAc-a bildirilib.
“Peyk-şəhər” tikiləcək sahə kifayət qədər geniş ərazini əhatə edir, ümumilikdə isə qəsəbənin inkişafına və Bakı şəhərinin urbanizasiya ilə bağlı problemlərin aradan qaldırılmasına xidmət edəcək.
İnşaat işləri 330 hektar ərazidə görüləcək. Tikintinin birinci mərhələsində 50 hektar sahədə orta mərtəbəli yaşayış binaları və digər infrastruktur obyektlərinin inşası planlaşdırılır.
Layihəyə əsasən burada 3-9 mərtəbəli 220 yaşayış binası, 6,36 hektar ərazidə uşaq bağçası, məktəb, tibb mərkəzi, idman və məşq zalları, mağazalar, kafe və restoranlar, məscid tikiləcək.
Ərazinin 8,95 hektarında inzibati binalar, təhsil müəssisələri, 8 hektar sahəni təşkil edən mərkəzi hissədə isə xidmət, yaşayış və inzibati binalar yer alacaq.
Layihənin özəlliyi ondadır ki, kompleks ərazisində 10,7 ha sahədə süni göl yaradılacaq. Bundan başqa salınacaq tematik əyləncə parkı da bu yaşayış massivinin landşaftına xüsusi gözəllik verəcək.
Ərazi tam yaşıllaşdırılacaq və geniş abadlıq işləri görüləcək.
Mənbə:> AzərTAc