Elman Rüstəmov 2019-cu ildə pul siyasətinin əsas hədəfini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Elman Rüstəmov 2019-cu ildə pul siyasətinin əsas hədəfini açıqladı

Elman Rüstəmov 2019-cu ildə pul siyasətinin əsas hədəfini açıqladı


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qurumun İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında qarşıda duran başlıca vəzifələrə diqqəti çəkib.

Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sədr bildirib ki, prezidentin irəli sürdüyü inkişaf strategiyasına, eləcə də, AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir.

Bu məqsədlə qurum öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

Sədrin sözlərinə görə, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq AMB özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin AMB-nin səlahiyyətləri çərçivəsində qorunması olacaq. Buna nail olmaq üçün AMB-nin sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə ediləcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcər.

Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

E.Rüstəmov onu da vurğulayıb ki, “2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə prezidentinin 22 dekabr 2018-ci il tarixli fərmanına uyğun olaraq AMB inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Qurum uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Sədr qeyd edib ki, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq AMB nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Prezidentin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək.

AMB-nin vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2019-cu ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Prezidentin irəli sürdüyü inkişaf vəzifələrindən, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndən, eləcə də, AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında qurumda strateji planlaşdırmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *