20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardımlar verilib
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib.
Hələ ötən əsrin 90-cı illərində ulu öndərimizin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə sosial cəhətdən həssas əhali qrupları, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Hazırda Azərbaycan Respublikasının Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri - I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.
Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verilib.
Bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır.
Mənbə:> Oxu.Az