Vergilər naziri ciddi problemlərdən danışdı və... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Vergilər naziri ciddi problemlərdən danışdı və...

Vergilər naziri ciddi problemlərdən danışdı və...

Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.

Virtualaz.org bildirir ki, bunları vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, "bu kimi halların qarşısının alınması olduqca vacibdir".

"Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm də vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır", - deyə M. Cabbarov bildirib.

Onun sözlərinə görə, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır.

"Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin "parçalanması", müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir", - deyə nazir vurğulayıb.

M. Cabbarovun sözlərinə görə, "ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır", lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitdə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.

"Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar.

Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır. Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək", - deyə Mikayıl Cabbarov bildirib.

Bu istiqamətdə aparılan islahatlardan danışan nazir bildirib ki, həmin islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır: “Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir. Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *