Bayram bitdi, dollar yenə üzü yuxarı getməyə başladı...
Türkiyədə 9 günlük Qurban bayramı tətilinin bitməsinin ardınca dolların məzənnəsində yenidən əhəmiyyətli yüksəliş başlayıb.virtualaz.org xəbər verir ki, bu gün səhər saatlarından etibarən Türkiyə lirəsi dollarla müqayisədə dəyərinin 1.7 faizə yaxınını itirib, tendensiya davam edir. Ötən gün keçirilən hərraclarda da TL dəyər itirmişdi. Hazırda 1 ABŞ dollarının məzənnəsi 6.4 TL-yə yaxındır.
Ekspertlərə görə bir neçə günlük nisbi sabitlikdən sonra dolların yenidən bahalaşmağa başlaması beynəlxalq reytinq agentliklərinin Türkiyə iqtisadiyyatının vəziyyətinə dair proqnozlarının mənfi olması ilə bağlıdır. “Moody” beynəlxalq reytinq agentliyi Türkiyənin suveren reytinqinin ardınca iri şirkətlərinin və banklarının da reytinqini aşağı salıb.
Habelə ABŞ-la münasibətlərdə gərginlik davam edir “keşiş Brunson böhranı” həllini tapmayıb. Üstəlik Birləşmiş Ştatlar rəsmiləri Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına yol verməyəcəkləri haqda xəbərdarlıq edirlər.
Xatırladaq ki, Türkiyə milli valyutası avqustun əvvəllərindən etibarən kəskin dəyər itirməyə başlayıb, ABŞ-ın bəzi türkiyəli məmurlara sanksiya tətbiq etməsinin ardınca 1 ABŞ dolları hətta 7.3 TL-yə qədər yüksəlib. Daha sonra Mərkəzi Bankın gördüyü tədbirlərin və Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya yatıracağı haqda anlaşmanın təsiri ilə dollar nisbətən ucuzlaşaraq Qurban bayramı günləri ərəfəsində 6 TL səviyyəsində sabitləşmişdi.
Mənbə:> Virtualaz.org