Daha bir ölkə ABŞ məhsullarını boykot etdi
Mərakeşdə “Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot” adı altında kampaniya başladılıb.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, Türkiyə iqtisadiyyatına yönələn təxribat xarakterli hücumlara qarşı cavab olaraq Mərakeş də öz dəstəyini irəli sürüb. “Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot” kampaniyası başladan hakimiyyət müsəlman ölkələrini türk məhsulları almağa və Türkiyəyə səyahət etməyə çağırıb.
Feysbuk və Tvitter sosial şəbəkələrindən aparılan kampaniyaya minlərlə vətəndaş dəstək verib. Türk lirəsini dəstəkləyin haştaqı ilə mərakeşlilər tərəfindən edilən paylaşımlar Misir, İraq, Suriya, Tunisdə də maraqla qarşılanıb.
Mərakeşli jurnalist özünün Feysbuk səhifəsində “ABŞ-ı boykot edin. Amerikan məhsullarını boykot edin. Türkiyəyə kömək etmək bütün müsəlmanların borcudur. Türkiyə hər kəsdən üstündür” deyə çağırışlar edib:
“Türkiyə hazırda hegemon əsarətindən qurtularaq və azad olmaq üçün mübarizə aparır. Bu, bütün digər xalqlar üçün ideal bir modeldir. Türkiyənin ABŞ ağalığına qarşı apardığı mübarizədə ona son dərəcə dəstək olmaq lazımdır”
İraq, Suriya, Fələstin, Misir və Tunisdə də ictimai fəallar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məzlum xalqlara dəstək olduğunu xatırladaraq qlobal imperialist sistemdən xilas olmağın mümkün olduğunu sübut etməyə çalışan Türkiyəyə dəstək çağırışları ediblər: “İslam dünyasının yenidən şərəfli, qərarlarında müstəqil və rifah səviyyəsi yüksək günlərinə geri dönməsi üçün Türkiyənin iqtisadi savaşına dəstək verib İslam birliyi nümayiş etdirməyin zamanıdır”.
Mənbə:> Publika.az