"Nar" Asan İmza istifadəçilərini çətinə saldı
Asan İmza ilə bağlı son günlər mobil operatorlar tərəfindən xidmət haqqının artırılacağı xəbərləri yayılmağa başladı.
Bu ərəfədə Asan İmza istifadəçilərindən biri kimi qarşılaşdığım başqa bir problemi oxucularla bölüşmək istərdim.
İyun ayında Asan İmzayla bağlı Nar nömrəyə xidmət haqqı üçün ödəniş etmişdim. İyul ayının əvvəllərindən isə Asan İmza işləmədi. Hər hansı borcum olduğunu düşünüb balansı artırmaq qərarına gəldim, lakin balans artsa da Asan İmza nömrəsi çalışmadı. İyul ayının hesabat ayı olduğunu nəzərə alaraq məsələnin ciddiyətinə vardım və bu barədə dərhal Asan İmza qaynar xətt nömrəsi ilə (195) əlaqə saxladım. Qarşı tərəf Asan İmza sertifikatı ilə bağlı heç bir problem olmadığını bildirərək problemin bir başa mobil operatordan - "Nar"-dan qaynaqlandığını bildirdilər. Nar Mobile müştəri xidmətləri ilə əlaqə saxladıqdan sonra problemin texniki şöbəyə yönləndirildiyi və tezliklə həll olunacağı bildirildi. Lakin, günlər keçdi, problem həllini tapmadı... Dəfələrlə müştəri xidmətləri ilə əlaqə saxlamağımıza rəğmən problemin nə zaman həll olunacağı barədə məlumatlı olmadıqları cavabını aldıq. Məsələnin həllinə cavabdeh texniki şöbənin isə əlaqə məlumatları verilmir. Beləliklə, iyul ayının əvvəllərindən son hesabat tarixinədək (01 iyul - 20 iyul 2018) məsələ həllini tapmadı. Məsələnin həllini tapması bundan sonra daha neçə gün çəkəcək, bilinmir.
Çox maraqlıdır, vətəndaşların, sahibkarların işini "asan"laşdırmaq üçün nəzərdə tutulmuş "Asan İmza"-nın mobil operatorlar tərəfindən "çətinləşdirilməsi" hallarını hansı dövlət qurumu araşdıracaq? Nar Mobile və əməkdaşlarının səhlənkarlığı ucbatından vətəndaşa dəymiş maddi və mənəvi ziyan kim tərəfindən qarşılanacaq? Bütün bu suallar cavabsız olaraq qalmaqdadır...
Müəllif: Orxan Səfərli
Mənbə:> AzNews.info