Əkrəm Həsənov: “Azərbaycanda mağazaların birbaşa kreditlə mal satmaq hüququ yoxdur” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əkrəm Həsənov: “Azərbaycanda mağazaların birbaşa kreditlə mal satmaq hüququ yoxdur”

Əkrəm Həsənov: “Azərbaycanda mağazaların birbaşa kreditlə mal satmaq hüququ yoxdur”

Mağazaların “daxili kredit” oyunu
Bank sistemində başlanan böhran üzündən Azərbaycanda istehlak kreditləşməsi dəfələrlə azalıb. Buna həm də Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı addımlar səbəb olub. Belə ki, problemli kreditlərin xeyli hissəsi məhz istehlak kreditləri kimi rəsmiləşdirilmiş kreditlərdir. Banklar və qeyri-bank kredit təşkilatlarının girov təminatı tələb olunmayan istehlak kreditləşməsinə həvəslə getməsi sonradan onlar üçün ciddi problemlərə yol açdı. Eyni zamanda əhali üçün də çətinliklər meydana çıxdı. Nəticədə istehlak kreditləşməsinin məhdudlaşdırılması üçün bir sıra addımlar atıldı.

Bundan istifadə edən bir sıra mağazalar məhsulları bank və ya digər təşkilatların araçılığı olmadan, birbaşa alıcılara “daxili kredit”lə satmağa başladılar. Bir çox hallarda “daxili kredit” adlandırılan bu kreditləşmə tərəflər arasında müqavilə imzalanması yolu ilə həyata keçirilir. Lakin mal alan tərəfə müqavilələrin nüsxəsi əksər hallarda verilmir. Onlara, sadəcə, ödəniş etdiklərinə dair kiçik qəbz verilir. Son bir neçə ildə bu cür alış-veriş çox geniş yayılmaqdadır. Hətta son vaxtlar aylıq ödənişləri gecikdirən bəzi alıcıların mağazalar tərəfindən məhkəməyə verilməsi halları da artmağa başlayıb.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, əslində Azərbaycanda mağazaların məhsulları kreditlə deyil, nisyə satmaq hüququ var: “Bu alqı-satqını kredit kimi rəsmiləşdirməklə qanunvericiliyi pozurlar. Çünki qanunvericiliyə əsasən Azərbaycanda kredit vermək bank və ya bank olmayan kredit təşkilatlarının hüququdur. O mağazaların bağladığı müqavilələr əslində nisyə alqı-satqı müqaviləsidir. Qanunvericiliyimiz buna tam imkan verir”.

Bəs nədən mağazalar müqaviləni məhz kredit müqaviləsi kimi rəsmiləşdirirlər? Ə.Həsənova görə, bu, Rusiya qanunvericiliyinin kopyalanmasından irəli gəlir: “Bu sahədə Azərbaycan sanki hələ də Rusiya əsarətindədir. Rusiya qanunvericiliyində nisyə alqı-satqı ifadəsi yoxdur. Orada buna kommersiya krediti deyirlər. Bizim başabəla hüquqşünaslarımızın bəziləri ölkə qanunvericiliyini ya bilərəkdən, ya bilməyərəkdən pozaraq Rusiyadakı müqavilələri götürüb Azərbaycan dilinə çevirib işdə tətbiq edirlər”.

Hüquqşünas bildirir ki, mağazaların müqavilələri Azərbaycan Mülki Məcəlləsinə əsasən nisyə alqı-satqı müqaviləsi kimi rəsmiləşdirmək hüquqları var: “Lakin burada çox mühüm bir məqam var. Belə ki, Azərbaycan qanunvericiliyinə görə, mağaza ilə fərdi şəxs arasında nisyə alqı-satqı müqaviləsi imzalanırsa, alıcının hüququ var ki, nəzərdə tutulan məbləği nisyə müddətinin sonunda ödəsin. Yəni aylıq ödəniş etməyib, bütün məbləği müqavilə müddətinin sonunda ödəyə bilər. Bəlkə də elə buna görə mağazalar müqavilələri məhz nisyə alqı-satqı müqaviləsi adlandırmaqdan qaçırlar. Hətta belə adlandırılmasa belə, qanunvericilikdə başqa hal nəzərdə tutulmadığı üçün vətəndaş ona verilən cədvələ baxmayaraq, ödənişi sonda apara bilər. Mağazanın buna görə onu məhkəməyə vermək hüququ yoxdur. Bunu edirlər, ona görə ki, vətəndaşlar hüquqlarını bilmirlər”.

Onu da qeyd edək ki, kreditlə satılan bir çox mallara verilən zəmanətlərə mağazalar tərəfindən əməl olunmur. Bununla bağlı şikayətlər getdikcə artmaqdadır. Ə.Həsənov bildirir ki, bu sahədə vətəndaşların hüquqlarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti qoruyur: “Hər bir mağaza satdığı malın keyfiyyətinə cavabdehdir. Əgər bundan imtina edirlərsə, vətəndaşlar Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidmətinə müraciət etməlidilər. Başqa sahələri deyə bilmərəm, amma bu sahədə o xidmət vətəndaşların hüquqlarını həqiqətən yaxşı qoruyur. Hətta bəzən vətəndaş haql olmadıqda belə onun tərəfində olurlar. Məsələn, qanuna görə, alıcı aldığı malı istifadə etməyibsə, 14 gün ərzində geri qaytara bilər. Bəzən vətəndaşlar istifadə etdikləri malı gətirib qaytarmaq istəyirlər, bu zaman həmin xidmət vətəndaşların mənafeyini qoruyur. Yəni insanlar hüquqlarını bilmədikləri üçün mağazalar bildiklərini edirlər. Baxın, ”Kontakt" mağazalar şəbəkəsi alqı-satqı müqaviləsini dollarla bağlayırdı. Biz onları məhkəməyə verdik, iş Ali Məhkəməyə qədər gedib çıxdı, sübut etdik ki, dollarla müqavilə bağlamaq Azərbaycan qanunvericiliyinə ziddir".

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *