“Vergi korrupsiyasının kökünü tam kəsəcəyik...”
Bu il üçün Vergilər Nazirliyi ilk növbədə “Dövlət büdcəsi haqqında” qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq. İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir.
Vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən konfransda çıxışı zamanı belə deyib. Nazir bildirib ki, Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır.
“Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq”-Cabbarov deyib.
“Mikayıl Cabbarovun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır: “Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır”.
M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.
“Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.
Mənbə:> Virtualaz.org