“YouTube-də bir kişi təxribat danışırdı ki, araq, siqaret bahalaşacaq…”
Nazirlər Kabinetinin qərarı əsasında yanvarın 23-dən etibarən xaricdən Azərbaycana idxal edilən alkaqollu içkilər və tütün məmulatları üçün aksiz dərəcələrinin kəskin artırılması Bakının parakəndə və topdansatış şəbəkələrində çaşqınlığa səbəb olub.
Virtualaz.org Bakının bir sıra topdansatış mağazalarına baş çəkib və məlum olub ki, çoxlarının aksiz dərəcələrinin dəyişməsindən heç xəbəri yoxdur. Bəziləri isə xəbəri eşidib, amma mənasını başa düşməyib. Hətta satıcılar arasında aksiz dərəcəsinin nə olduğunu bilməyənlər də tapılıb. Buna baxmayaraq yanvarın 24-dən etibarən firmalar mağazalara idxal alkaqol və tütün verilməsini dayandırıb.
Satıcılardan biri deyir ki, hansısa “Youtube” kanalında siqaretin və arağın bahalaşmasından danışdıqlarını eşidib, amma hesab edib ki, bu nəsə “siyasi məsələdir” və danışılanlara inanmayıb.
“Onun danışdıqları nəsə təxribata oxşayırdı…”
"YouTube-də bir kişi deyirdi ki, siqaret, araq bahalaşacaq. Amma onun danışdıqları nəsə təxribata oxşayırdı. İndi burada da çoxları da qiymətlərin artacağından danışır. Biz bu danışılanlara deyil, mal götürdüyümüz firmalara inanırıq. Firma isə hələki bu gün mal verməyib, ötən həftənin sonunda aldığımız malları satırıq. Bahalaşma yoxdur"-Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindəki topdansatış mağazalarından birinin satıcısı deyir, amma özünü təqdim etmək istəmir.
Söhbətləşdiyimiz satıcılar onu da deyirlər ki, Facebook-da filanda yazılanlara çox da inanmaq lazım deyil. Çünki orada hərənin ağzından bir avaz gəlir: "Bazarı bilən də danışır, bilməyən də. Firma malı sata bilməyəndən sonra məhsulu niyə bahalaşdırsın ki? Bəzən aldığımız malı eləcə geri qaytarırıq".
Bahalaşma barədə eşidənlər də var
Lakin topdansatış mağazalarında eşidiblər ki, tezliklə xaricdən idxal edilən siqaretlərin qiyməti 80 qəpik-1 manat arasında artacaq. Topdansatış mərkəzinin satıcı Mənsur Babayevin sözlərinə görə, firmalar qiymət artımı ilə bağlı hələ məlumat verməyiblər. Halbuki mağazalar ən azı 1 həftə əvvəldən məlumatlandırılırlar.
“İnternetdən oxuduq ki, qiymətlər artırılacaq. Hələlik mal verilməyib, anbarda qalan köhnə malları satırıq”, -Babayev söyləyir.
Digər satıcı isə bildirir ki, Rusiya, Belarus, Ukrayna və Gürcüstandan gətirilən araq, çaxır, viski, rom və pivələrə təlabat onsuz da azdır. Satışda “Pусский флагман”, “Черный орел”, “100 рублей”, “Bодительская водка”, “Вульбаш”, “Велая березка”, “Mороша”, “Oгнетушитель водка” araqları var. Yarımlitrlik araqların qiyməti 7 manat 50 qəpikdən başlayır.
“3-5 manatlıq yerli arağı qoyub heç kim xarici araq almır…”
“Xaricdən gətirilən 30-40 manatlıq yarımlitrlik araqlar var, aylarla vitrində qalır. Ay ərzində 2-3 rusiya istehsallı araq sata bilmirik. Daha çox yerli istehsal olan 3-5 manatlıq araqlara təlabat var. Konyak və ya viskilərin qiymətini eşidən heç kim onları almaq istəmir”, -satıcı izah edir.
Satıcılardan biri isə pivə markalarını sadalayır və əlavə edir ki, bazarda “Bavariya”, “Baltika”, “Müller”, “Boçkarev”, “Efes Pilsner”, “Bakler”, “Budvayzer” pivəsi tapmaq mümkündür. Amma son 2-3 ayda pivə satışı dayanıb. “Elə gün olur ki, bir xarici pivə belə satmırıq. Halbuki ötən ilədək yay-qış fərqi yox idi, pivə azarkeşləri alırdılar”.
Topdansatış mağazalarının əksəriyyətində yalnız yerli məhsullar satılır. Satıcılar deyirlər ki, təlabata uyğun mal götürürlər, təlabat isə ucuz yerli araqlaradır.
“Biz siyasi suallara cavab vermirik…”
Satıcı Elvin İslamov isə söyləyir ki, Gürcüstan çaxırı da satılır, amma alıcılar daha çox yerli çaxırlara üstünlük verirlər: “Hətta Fransadan gətirilmiş çaxırlar var, qiyməti 22 manatdan başlayır. Bu çaxırların müştəriləri qadınlardır. Məsələn, yarımlitrlik alkoqolsuz “Rose” çaxırlarını tez-tez soruşurlar. Etiraf edək ki, yerli çaxırlar keyfiyyətinə görə xaricdən gətirilən çaxırları üstələyib. Hələ indiyədək çaxırın keyfiyyətindən şikayətlənən olmayıb”.
Satıcılardan biri gələn ayın əvvəlindən siqaretlərin 25 faiz bahalaşacağını söyləyir. “Xəbəri eşidən kimi firmadakı tanışlarla əlaqə saxladım, dedilər ki, yeni partiyanın idxalından sonra qiymət artırılacaq. Yəqin ki, nə qədər artım olacağı gələn aydan bilinəcək. Təxminən 20-25 faiz artım olacaq”.
Dəmiryolu vağzalının yaxınlığındakı siqaretin topdansatış mərkəzlərində də qiymətlər artırılmayıb. Satıcılardan biri söyləyir ki, bahalaşma xəbərlərini təxribat məqsədilə yayırlar: “Biz adi satıcılarıq, Nazirlər Kabinetinin qərarı siyasi məsələdir, siyasi suallara cavab verə bilmərik. Xaricdən gətirilən siqaretləri maşınların yük yerində, küçədə gizli satanlar narahat olsunlar. 5-10 qəpik artıma görə alıcı itirməyəcəyik”.
Mənbə:> Virtualaz.org