Banklar bağlanır: Borclar da “bağlanır”?
Lisenziyası ləğv olunan banklara borcu olan vətəndaşlar müəmma içindədir. Belə ki, borclu vətəndaşlar fəaliyyətini dayandıran banklara ödənişi necə etmək haqqında qərar verə bilmirlər. Fikir ayrılığına səbəb olan əsas məsələ həmin borcların hansı şərtlərlə ödənilməsidir. Borclular bankın bağlanmasını bir növ "sevinc”lə qarşılayırlar. Onlar hesab edir ki, bank bağlandığı üçün onlardan borcu geri tələb edən də olmayacaq.
Məlumdur ki, bank müflis olduğu halda ləğvetmə prosesində bütün öhdəlikləri ləğvediciyə (Əmanətlərin Sığortalanması Fondu-müəl.) keçir. Ancaq bank haqqında qanunda müəyyən boşluqlar mövcuddur. Belə ki, müflis olan bank bütün öhdəliklərindən azad olur, borclular isə öhdəliklərini tamamlamaq məcburiyyətindədir. Qeyd edək ki, ləğv olunan bank, hətta zamanında cəlb etdiyi sığortalı və sığortasız əmanətlərin qaytarılmasında da məsuliyyət daşımır. Sığortalı əmanətlərin qaytarılması birbaşa olaraq ləğvedicinin öhdəliyinə düşür. Məlumat üçün bildirək ki, bu günə qədər ləğv olunan bütün banklarda sığortalanmayan əmanətlər geri qaytarılmayıb. Sığortalanan əmanətlər isə hissə-hissə qaytarılsa da, proses tam başa çatmayıb. Yalnız 2015-ci ildə lisenziyası alınan bir bankda ləğvetmə prosesi tam başa çatıb. Həmin bankın ləğvedicisi sığortalanmayan əmanətləri qaytarmayıb. Bu baxımdan ekspertlər hesab edir ki, bankın lisenziyası ləğv olunduğu halda borcluların öhdəlikləri də banka uyğun olaraq üzərindən götürülməlidir. Ancaq hələ ki, bununla bağlı heç bir mexanizm yoxdur. Buna görə də məhkəmə və digər aidiyyəti qurumların hesabına ləğvedici borclu vətəndaşların ödənişini təmin edir.
Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, bankın bağlanması ilə ona borclu olanların vəziyyəti dəyişmir: "Yəni, onlar əvvəlki kimi borclarını qaytarmalıdırlar. Hətta faizlərin hesablanması da dayanmır. Təbii ki, hər bir borclu yalnız imkanı daxilində borcunu ödəməlidir. Amma ödəmə imkanı olduğu halda bank bağlandı deyə bilə-bilə borcunu ödəməmək qanunsuzluqdur. Çünki bankda əmanəti olan şirkətlər, fiziki və hüquqi şəxslər var ki, onların bank hesabında pulları qalıb. Onların pulu bankın qaytarılan kreditləri hesabına ödənilir. Yəni, bankın ləğv prosesi əsnasında o kreditləri bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yığacaq.
Bankın lisenziyasının alınması, onun hələ ləğv edilməsi demək deyil. Ləğvetmə prosesi əsnasında həmin kreditlər banka ödəniləcək. Amma ƏSF həmin krediti başqa banka ötürə bilər. Bu zaman tutaq ki, ləğvetmə prosesində olan "Dəmir Bank”la "Beynəlxalq Bank” arasında saziş bağlanır və birinci bank kreditlərin bir hissəsini, yaxud hamısını ikinci banka verir. Bunun əvəzində "Beynəlxalq Bank” "Dəmir Banka” pul verir. Əmanətlərin Sığortalanması Fondu borclulara bu haqda məlumat verməlidir ki, bundan sonra borclarını "Beynəlxalq Bank”a ödəsinlər. Amma əgər bu proses olmayıbsa, kredit götürənlər borclarını əvvəlki qaydada "Dəmir Bank” a ödəyir”.
Borclu vətəndaşın lisenziyası ləğv olunan banka borcu ödənməlidir. Amma sığortalanmayan əmanətlər var ki, ləğvetmə prosesində olan bankdan geri qaytarılmır. Burada vətəndaşın hüququ pozulmurmu?
Hüquqşünas burada vətəndaşın hüququnun pozulduğunu deyib: "Azərbaycan qanunvericiliyi bu sarıdan ədalətsizdir. Bank müflis elan olunur, ƏSF sığortalanmış əmanətləri qaytarır, sonra bura xərclədiyi pulu ilk növbədə bankın əmlakından götürür, sonda da sığortalanmayan əmanətlərə heç nə qalmır. Bunu ədalətsiz hesab edirəm. Bu, qanunda olan problemdir. Əslində, belə çıxır ki, bankda olan sığortalanan əmanətlər elə sığortalanmayan əmanətçilərin hesabına sığortalanıb. Əlbəttə, bu, düzgün deyil. Yaxın vaxtlarda ölkə başçısına, Milli Məclisə, eləcə də Nazirlər Kabinetinə bununla bağlı qanun layihəsi təqdim edəcəm. Həmin layihəyə əsasən sığortalanmış əmanətlər qaytarılandan sonra, birinci növbədə vətəndaşların sığortalanmayan əmanətləri qaytarılmalıdır. Ümid edirəm ki, dövlət orqanları mənim təqdim etdiyim layihəyə diqqətlə yanaşarlar, bu layihənin ədalətli olduğunu qəbul edərlər. Belə olarsa, vətəndaşların vəziyyəti asanlaşacaq”.
Əkrəm Həsənov onu da əlavə edib ki, nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də Əmanətlərin Sığortalanması Fondu indiyə qədər ləğvetmə prosesində olan "Dəmir Bank”ın kredit portfeli və digər maliyyə göstəriciləri haqqında açıqlama verməyib: "Bu da həm Palatanın, həm də Fondun qeyri-şəffaf fəaliyyətindən xəbər verir. Bu isə orada korrupsiyaya yol açır. Biz nə bilək ki, orada pərdəarxası hansı oyunlar gedir? Bəlkə kiminsə banka 1 milyon borcu var və ona deyirlər ki, bu məbləğin 500 minini ödə, 100 minini də bizə rüşvət ver, əvəzində biz də sənə 400 min borcu bağışlayırıq. Təbii ki, sabah rəqəmləri elan edəndə həmin 1 milyonu göstərməyəcəklər. Ona görə də inkişaf etmiş ölkələrdə qəbul olunmuş beynəlxalq praktikadan yararlanmaq lazımdır. Belə ki, bank müflis olunan kimi avtomatik olaraq onun bütün maliyyə göstəriciləri açıqlanır. Burada bankın verdiyi kreditin həcmi, kimə verdiyi və nə qədər əmanətin olması barədə məlumatlar öz əksini tapır. Azərbaycanda isə bunu etmirlər. Hələ bir neçə ay keçəcək, bütün pərdəarxası oyunlarını tam bitirəndən sonra çıxıb öz istədikləri məlumatları açıqlayacaqlar. Belə məlumatlar isə etimad doğurmur. Başa düşmürlər ki, bununla bank sisteminə olan inamı tam sarsıdırlar”.
Mənbə:> Ölkə.Az