Vahid Ələkbərov 700 milyon dollar itirib
2017-ci ilin 8 ayı ərzində rusiyalı 28 milyarderin məcmu sərvəti 17,099 milyard dollar artıb.
AzNews.info APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” (BBI) sisteminin təqdim etdiyi məlumatlardan məlum olub.
Məlumata əsasən, Rusiya Federasiyasının ən zəngin şəxsi olan “Severstal” şirkətinin əsas səhmdarı Aleksey Mordaşovun sərvəti ilin əvvəlindən 1,49 milyard dollar artaraq 18,4 milyard dollara çatıb.
İkinci yerdə qərarlaşan “Norilsk nikeli”nin prezidenti Vladimir Potanin sərvəti hesabat dövründə 905 milyon artıb. Hazırda Potaninin sərvəti 17,5 milyard dollardır.
NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin üçüncü yerdə qərarlaşıb. Onun sərvəti yanvar-avqust ayları ərzində 3,47 milyard dollar artaraq 16,6 milyard dollar təşkil edib. Maraqlıdır ki, təkcə avqust ayı ərzində Lisinin sərvəti 1,6 milyard dollar artıb.
“Renova” şirkətlər qrupunun Direktorlar Şurasının sədri və əsas səhmdarı Biktor Vekselberq ilin əvvəlindən sərvətini 1,41 milyard dollar artırıb və 15,6 milyard dollarlıq göstərici ilə Rusiyanın dördüncü ən varlı şəxsinə çevrilib.
“Novatek” şirkətinin rəhbəri Leonid Mixelsonun kapitalı bu il 2 milyard dollar azalsa da, o, ilk beşlikdəki yerini qorumağı bacarıb. Hazırda onun sərvəti 15,3 milyard dollar təşkil edir.
Altıncı yerdə qərarlaşan “Alfa Group” konsorsiumunun əsas səhmdarı Mixail Fridman 1,32 milyard dollar varlanaraq sərvətini 14,6 milyard dollara çatdırıb.
“USM Holdings” şirkətlər qrupunun təsisçisi Alişer Usmanovun sərvəti isə 14,4 milyard dollardır. Beləliklə, Usmanov bu il kapitalını 1,47 milyard dollar artırmağa müvəffəq olub.
Növbəti, yəni yeddinci pillədə isə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov qərarlaşıb. Həmyerlimiz bu il 693 milyon dollar itirib. Hazırda onun sərvəti 11,3 milyard dollara bərabərdir.
Analoji məbləğdə sərvətə Mixail Proxorov da malikdir. Ələkbərovdan fərqli olaraq Proxorov ilin əvvəlindən 470 milyon varlanıb.
“Volga Group”un sahibi Gennadi Timçenkonun kapitalı isə 1,9 milyard dollar azalaraq 9,57 milyard dollara çatıb.
Mənbə:> APA Economics