“Amazon” yeni smartfonunu hazırlayır
“Amazon” şirkəti özünün Android smartfonunu istehsal etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, sözügedən “smartfon Ice” adlanacaq və bütün “Google” servisləri ilə sinxronlaşdırılacaq. Məlumata əsasən, şirkətin istehsal edəcəyi smartfon Hindistan kimi inkişafda olan ölkələr üçün nəzərdə tutulacaq. Məhz buna görə də onun texniki göstəriciləri orta səviyyədə olacaq. 5.2/5.3 inç ekran, 2 GB RAM, 16 GB daxili yaddaş və arxa paneldə olacaq barmaq izi skanı. Hal-hazırkı planlara əsasən, smartfonun qiyməti 93 dollar təşkil edəcək.
Lakin onun satışa çıxacağı vaxta qədər çox şey dəyişə bilər. Məlumatlara əsasən, yeni smartfon, Alexa səsli köməkçisini dəstəkləməyəcək.
Onu da bildirək ki, “Amazon”un daha əvvəl satışa çıxardığı smartfon çox uğursuz olmuşdu. Həmin uğursuz smartfonun adı “Fire” idi və o, baha qiymətə satılırdı. Bundan əlavə, “Android OS” əməliyyat sisteminin dəyişdirilmiş versiyasına sahib olmasına baxmayaraq, o, “Android” tətbiqlərini dəstəkləmirdi. Yeni smartfon isə tamamilə fərqli vəziyyətdir. Belə ki, “Ice” adlı smartfon digər bahalı smartfonlarla rəqabətdə olmayacaq. Əksinə, o, ucuz smartfonlar bazarında öz yerini tutmağa çalışacaq. “Amazon”un inkişafda olan ölkələrdə yaxşı uğur qazanması üçün potensial şansı var. “Google” ilə bu cür əməkdaşlıq isə hər iki şirkət üçün müsbət cəhət olacaq.
Mənbə:> Oxu.Az