Bakıda məhsulların qiyməti kəllə-çarxa qalxıb - Qaynar Xətt » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda məhsulların qiyməti kəllə-çarxa qalxıb - Qaynar Xətt

Bakıda məhsulların qiyməti kəllə-çarxa qalxıb - Qaynar Xətt


Bakıda manatın dollara nisbətən 35 faiz dəyərini itirməsi nəticəsində bir çox dükan və mağazalarda məhsulların qiyməti kəllə-çarxa qalxıb.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in “qaynar xətti”nə gələn şikayətlərdə bildirilir ki, bir çox supermarketlərdə ərzağın qiyməti hiss olunacaq dərəcədə artıb.

Əsas artım siqaret, qənd, şəkər tozu, çay, uşaq qidaları və s. kimi gündəlik tələb olunan məhsullarda müşahidə edilir.

Müqayisə üçün deyək ki, əgər toyuq ətinin qiyməti artımadək 2,70 qəpik idisə, dünəndən başlayaraq 3,90 manata qalxıb. Siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik artım olub. Bazarda yaranan gərginliklə əlaqədar topdansatış məntəqələri bağlanıb.

Bazarlarda da vəziyyət daha acınacaqlıdır. “Yaşıl bazar”, 8-ci kilometr və Biləcəri bazarlarında qiymətlər kəllə-çarxa qalxıb. Bazarlarda 70 qəpiyə satılan kartof 1 manata, 40 qəpiyə satılan soğan isə 80-90 qəpiyə qalxmışdı. Alıcılar isə qiymətlərin qəfil qalxmasından çox narahat idilər.

Ekspertlər isə baş verənləri özbaşınalıq adlandırırlar. Millət vəkili, iqtisadçı Əli Məsimli mövzuyla bağlı ANS TV-nin “Hesabat” verilişində çıxış edərkən bu işə rəvac verənləri vicdansız adlandırıb:

“Azərbaycanda bir qrup vətənsiz var. Bu insanlar Azərbaycan xalqının qanını sovurublar. O qan sovuranlar bu vəziyyətdən istifadə edib qiyməti qaldıracaqlar. Bu adamlar bundan sui-istifadə edəcəklər. Qiymətlər süni surətdə 1% qalxanda bu, Azərbaycan xalqının (170 milyon manat) cibinə girmək deməkdir. Kim onlara əsas və ixtiyar verir ki, heç nə olmadan, eyni zamanda bir manatlıq xaricdən mal gətirmədən, bir manatlıq məhsul istehsal etmədən, yalnız telefonla qiymətlər qalxsın deməklə 1% qalxmaqla 170 milyon manat Azərbaycan vətəndaşlarına ziyan vurulur.

Hesab edirəm ki, bu adamlar mütəşəkkil cinayətkarlıq siyahısında qeydə alınmalı və belə addımlar olanda onlar Azərbaycan qanunlarına uyğun olaraq sərt bir şəkildə cəzalandırılmalıdır. İqtisadi İnkişaf Nazirliyi çox intensiv surətdə çalışmalıdır, monitorinqlər aparmalıdır, süni qiymət artımının qarşısını almalıdır.

Əgər qiymət artımının qarşısı alınsa, onda manatın kursunun dəyişməsi bir o qədər də insanlara ziyan vurmayacaq.

Sözün həqiqi mənasında bir dollar 78 qəpik həddində qalmış olsaydı belə Mərkəzi Bank onsuz da bu həddi saxlaya bilməyəcəkdi. Və ilin axırına qədə yığdığı 13 milyard pulu itirəcəkdi. İtirilməyən 13 milyard dolların qənaət olunan qisminin bir hissəsini kompensasiya versin – ipotekanın şərtləri yumşaldılmalıdır, xalq yollarının tikilməsi istiqamətində addımlar atılmalıdır”, - deyə Əli Məsimli bildirib.

Rəsmilər isə məsələyə diqqət yetirəcəklərini bildiriblər. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, artıq bazarlarda reydlərə başlanıb.

“Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən bazarlara nəzarət gücləndirilib. İntensiv nəzarət tədbirləri həyata keçirilir. Məqsəd manatın məzənnəsinin dəyişməsilə bağlı istehlak bazarlarında süni qiymət artımının qarşısının alınmasıdır”, - deyə Abbas Əliyev bildirib.

Nazirlik rəsmisi deyir ki, süni qiymət artımı ilə əlaqədar 195 saylı telefon nömrəsinə zəng vurub, 2 nömrəsini seçməklə şikayətləri bildirmək olar. Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyinin 012 498 15 01 və 498 15 04 saylı nömrələri ilə əlaqə saxlayaraq şikayət edə bilərlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *