ƏDV ödəyiciləri üçün yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək
“Sahibkarlara e-qaimənin tətbiqinə hazırlaşmaları tövsiyə olunur”.
Oxu.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində nazirliyin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.
Ş.Ərəbov bildirib ki, “proqnozlara görə, e-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək:
“Artıq aprelin 1-nə az müddət qalıb, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün bu qaydalar cari il aprelin 1-dən tətbiq olunduğundan, onların bu yeniliyə hazırlığı ilə bağlı təşviqat işləri daha da gücləndirilib.
Elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır. Əsas üstünlüyü isə kargüzarlıq xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu baxımdan, bu yeniliyə sahibkarların məsuliyyətlə yanaşmaları tövsiyə olunur”.
Məsələn, 2013-cü ildə Vergilər Nazirliyi ƏDV ödəyiciləri üçün ilk dəfə e-fakturanın tətbiqinə başladı və nəticəsi müsbət oldu və həmin il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə müqayisədə 70% artdı”.
Mənbə:> Oxu.az