Qanunsuz tikililər yenidən gündəmdə
“Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, tədricən həllini tapacaq”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarış (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
A.Rəhimzadə deyib ki, bəzi evlər neft torpaqlarında tikilib: “Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variant olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb.
Məsələn, bu evlər tikilməzdən öncə layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər.
Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni, Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir”.
Bakı və Abşeron yarımadasında əsasən, bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, A.Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib: “Hesab edirəm ki, Azərbaycan prezidentinin bir il əvvəl imzaladığı fərmana əsəsən, bu sahədə məsələlər həllini tapmalıdır”.
Mənbə:> APA