Azərbaycanda benzinin qiyməti artdı – FOTO
Respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.
Aznews.info xəbər verir ki, “Report”a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Əldə etdiyimiz məlumata görə, “Aİ-95” premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə “Aİ-95” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Qeyd etdiyimiz kimi, hazırda “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0,95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda “Aİ-92” markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.
Mənbə:> Report.az