Vahid Əhmədov: FED-in qərarı Azərbaycan manatına ciddi mesajdır
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib. Bunun isə neftin ucuzlaşacağına, ABŞ dollarının bahalaşacağına gətirib çıxaracağı gözlənilir.
Aznews.info Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bu qərarın yaxşı heç nə vəd etmədiyini deyib:
“Bu, bütün dünyaya, maliyyə bazarlarına, neftin qiymətinə, Azərbaycan manatına ciddi mesajdır. Ümumiyyətlə, çoxdan uzadılan və gözlənilən qərar verildi. Müəyyən məsələlər baş verəcək. Uçot dərəcəsinin artırılması ilə avro ucuzlaşacaq, dollar isə əksinə bir az da möhkəmlənəcək. Bu qərarın bizə çox ciddi təsirləri olmasa da, təsirsiz də ötüşməyəcək”.
V.Əhmədov proseslərin gedişində manatın daha da dəyərdən düşəcəyini açıqlayıb:
“Manat onsuz da ucuzlaşır. Mərkəzi Bankın apardığı siyasət nəticəsində yumşaq devalvasiya gedir. Proses, manat öz həqiqi bazar dəyərini alana qədər davam edəcək. Tələb və təklif, idxal və ixrac burada mühüm rol oynayacaq. İxracda və tədiyə balansında müsbət saldo yaranacaqsa, onda manat da həmin vəziyyətə adekvat olacaq.
Fikir verirsinizsə, neftin qiyməti artıb-azalan kimi Rusiyada rubla, Qazaxıstanda tengeyə təsir edir. Bizdə isə Mərkəzi Bank tərəfindən tənzimlənən siyasət həyata keçirildiyindən hər hansı dəyişiklik baş vermir.
Mənim fikrimcə, 2017-ci ildə manatın ucuzlaşması prosesi davam edəcək. Ola bilər ki, ilin sonlarına doğru manat öz həqiqi dəyərini alacaq”.
Manatın konkret hansı həddə qədər ucuzlaşacağına gəlincə, deputat bildirib ki, bu, Azərbaycanın apardığı iqtisadi siyasətdən, islahatlardan, idxal-ixrac əməliyyatlarından asılı olacaq”.
Mənbə:> Modern.az