“Tam üzən məzənnə”yə keçidin Azərbaycan manatına təsirləri » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Tam üzən məzənnə”yə keçidin Azərbaycan manatına təsirləri

“Tam üzən məzənnə”yə keçidin Azərbaycan manatına təsirləri


“Ölkəmizdə keçən ilin dekabrın 21-i tarixindən manatın məzənnəsi “üzən rejim” əsasında idarə olunur.

Belə ki, məlum olduğu kimi, 2015-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi ki, ikinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olundu.

Bu isə o demək idi ki, manatın məzənnəsi göstərilən tarixdən valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən edilməyə başlamalı və AMB də buna uyğun intervensiya həyata keçirməli idi.

Lakin bəlli olduğu kimi, AMB-nin rəsmi valyuta ehtiyatları tükənmişdir. Odur ki, bu funksiyanı əsas etibarı ilə Dövlət Neft Fondu (SOFAZ) həyata keçirməli oldu.

Bu qurumun isə dövlət büdcəsi qarşısında müvafiq öhdəliyinə uyğun olaraq, bəlli bir çərçivədə imkanı var. Yəni, lazım olandan artıq valyuta çıxarıb satmaq gücü yoxdur”.

Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

“Odur ki, 2-ci devalvasiyadan indiyədək manat dollar qarşısında 12%-dən çox, 1-ci devalvasiyadan keçən müddət ərzində 65%-dən çox, devalvasiyalardan əvvəlki dövrlə (1 dollar - 0,78 qəpik olan) müqayisədə isə 124%-ə yaxın ucuzlaşıb.

Və bu, hələ tam sərbəst “üzən məzənnə” rejimi mexanizmi əsasında baş verməyib.
Bu rejimə keçilsə, yəni məzənnə tamamilə valyuta bazarının öhdəsinə buraxılsa idi, qeyd olunan rəqəmlər daha kəskin xarakter daşıya bilərdi. Sual oluna bilər ki, niyə?!

Tam “sərbəst üzən məzənnə” rejiminə keçid üçün birincisi, mükəmməl valyuta bazarı mövcud olmalıdır. Yəni, bazar iqtisadiyyatı sisteminin tələblərinə uyğun, tələb və təkliflə çıxış edən subyektlərin - tərəflərin sayı kifayət qədər geniş olan bir valyuta bazarı olmalıdır.

İkincisi, istehlak bazarında qiymətləri operativ və düzgün tənzimlənmə imkanları olmalıdır. Üçüncüsü, ölkədən idxal-ixrac əməliyyatları rəqabətqabiliyyətli şəraitdə həyata keçirilmə imkanına sahib olmalıdır.

Dördüncüsü, dövlətin və hökumətin mövcud maliyyə ehtiyatları da dayanıqlı gücə sahib olmalıdır. Bu siyahını bir az da uzatmaq olar. Bu sadalananların heç birinə isə biz hazırda malik deyilik.

Ona görə də hesab edirəm ki, yaxın perespektivdə “sərbəst üzən məzənnə” rejiminə keçid bizdə mümkün olmayacaq. Düzdür, bu, nə vaxtsa baş tutmalıdır və tutacaq. Ancaq buna ölkənin milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də qeyd olunduğu kimi məhz istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nailolma səviyyəsinə uyğun şəkildə məzənnə üçün müəyyən edilən dəhlizin tədricən genişləndirilməsi yolu ilə nail olmaq mümkündür ki, bu məsələnin də həlli yenə gəlib sonda qeyri-neft sektorunun inkişafında dayanır”, - deyə ekspert əlavə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *