Fəzail Ağamalı: Qaz və işıq üçün tətbiq olan güzəştli kvota artırılmalıdır
Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu təşəbbüslə deputat Fəzail Ağamalı çıxış edib:
“Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırlması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1 500-dən 3 000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istiklik sistemi olmadığına görə, yenə həmin problem var”.
“Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməti artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq.
Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər SKMF-yə vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın”, - deyə millət vəkili qeyd edib
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1 500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı il dekabrın 1-dən tətbiq olunacaq.
Elektrik enerjisinin 1 kVt/saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kVt/saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kVt/saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Mənbə:> Report.az