Azərbaycana sərmayə qoymaq istəyən xaricdəki həmvətənlərimizə şad xəbər
Azərbaycanda sərmayə qoymaq istəyən xaricdə yaşayan azərbaycanlı iş adamlarına xüsusi gömrük və vergi güzəştlərinin edilməsi təklif olunub.
Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna düzəlişlər müzakirə olunan zaman bildirib ki, dünya azərbaycanlılarının son qurultayında Azərbaycan prezidentinin bununla bağlı çağırış etdiyini xatırladıb:
“Biz də dünyada yaşayan azərbaycanlı iş adamlarına vətənə sərmayə qoymaları ilə bağlı xüsusi güzəştlər etməliyik”.
O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarından kim Azərbaycana sərmayə qoyacaqsa, ona vergi və gömrüklə bağlı xüsusi güzəştlər nəzərdə tutulmalıdır: “Prezidentin çağırışından sonra Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələ ilə bağlı görüşlər keçirməlidir. Biz də bu işə qoşulaq və qanunvericiliyə bununla bağlı düzəlişlər edək ki, Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı və marağı artsın”.
Spiker Oqtay Əsədov isə bildirib ki, qanundakı düzəlişlərdə “şərait yaradılması” fikri elə həmin şəxslərə qeyd olunan güzəştləri nəzərdə tutur.
Qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir.
Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.
Qanunun 6.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək.
Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir. Qanunun 7.1 və 11-ci maddələrində isə xaricdə yaşayan azərbaycanlılara xüsusi güzəştlər nəzərdə tutulur.
Layihə səsə qoyularaq qəbul olunub.
Mənbə:> APA