Vergilər sahəsində daha bir yenilik
“Azərbaycan prezidentinin sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri başa çatıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri nazirliyin və digər dövlət qurumlarının iştirakı ilə “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı keçirilən təqdimat mərasimində Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Namiq Əliyev deyib.
Öz növbəsində, nazirliyin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə bildirib ki, bu, ibtidai istintaqı nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.
Baş idarə rəisinin sözlərinə görə, bu modulun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prossesual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.
Qeyd edək ki, modulun tətbiqinə bu ilin noyabrın 21-də başlanılacaq.
Mənbə:> Oxu.az