Bu gündən bəzi ərzaq məhsulları üzrə idxal rüsumları artırıldı
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.
Aznews.info Report-a istinadən xəbər verir ki, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərar iki il müddətində qüvvədə olacaq.
Dəyişikliklə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarın əlavəsi olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiqlənib.
Belə ki, ağ sementin 1 kiloqramına 0,07 dollar, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0,04 dollar, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 dollar gömrük idxal rüsumu tutulacaq.
Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 dollar gömrük rüsumu tələb olunacaq.
Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1,5 dollar, soğanın bir kiloqramı üçün 0,2 dollar, xiyarın bir kiloqramı üçün 0,4 dollar gömrük idxal rüsumu müəyyənləşib.
Toyuq yumurtasının 1000 ədədi üçün 100 dollar, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tutulacaq.
Mənbə:> Report.az