Hökumətin “qara siyahısı”na düşənlərə şans verildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Hökumətin “qara siyahısı”na düşənlərə şans verildi

Hökumətin “qara siyahısı”na düşənlərə şans verildi

Beynəlxalq cinayətlər və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslər öz günahsızlıqlarını sübuta yetirərlərsə, hesablarına qoyulan həbs aradan qaldırılacaq.

Azərbaycan Nazirlər Kabineti “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nı təsdiq edib.

Oxu.Az-ın məlumatına görə, dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra veriləcək.

Belə ki, bu qayda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən, barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (aktivləri dondurulmuş şəxslər) zəruri və gözlənilməz xərclərə tələbatının təmin edilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadə edilməsi qaydasını və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Fiziki və ya hüquqi şəxslərin dondurulmuş aktivlərindən istifadə edilməsinə dair icazə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilir. Dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə yaradılmış Sanksiyalar Komitəsi tərəfindən tərtib edilmiş Birləşmiş Siyahı əsasında Azərbaycan XİN tərəfindən müəyyən edilmiş və Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş Beynəlxalq Siyahıya daxil edilmiş şəxslərin dondurulmuş aktivlərindən istifadəyə dair qərar müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.

XİN BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin rəyini daxil olduqdan sonra 1 gün müddətində DTX-ə göndərir. DTX bu hallarda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin DTX-ə daxil olmasından sonra 1 gün müddətində aktivləri dondurulmuş şəxslərin aktivlərindən istifadə edilməsinə dair qərar qəbul edir. Rəyin alınması üçün DTX müraciətin qəbul edildiyi tarixdən etibarən 2 gün müddətində həmin müraciəti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə göndərilməsi üçün Azərbaycan XİN-ə təqdim edir.

Azərbaycan XİN isə 1 gün müddətində sözügedən müraciət əsasında BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə sorğu ünvanlayır.

DTX aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən vergi və rüsumlar, sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla), kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri), maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları, fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər, fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclərə ehtiyacların ödənilməsinə icazə verir.

Aktivləri dondurulmuş şəxslər öz müraciətlərində zəruri və gözlənilməz xərclərə ehtiyaclarını yazılı qaydada əsaslandırmalıdırlar. DTX müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər, hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər və aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlərdən istifadə olunmasına icazə verilə bilər.

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair DTX-nin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *