Prezident: “ASAN xidmət” cəmiyyətdə inqilab yaradıb
“Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.
“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır.
Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.
“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98%-i mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir”.
Prezident əlavə edib ki, yaxın gələcəkdə “ASAN xidmət”in funksiyaları genişləndiriləcək və oktyabrda “ASAN VİSA” xidməti fəaliyyətə başlayacaq.
“Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alıblar. Qeyd etdiyim kimi, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bununla bərabər, 10 avtobus səyyar xidmət fəaliyyət göstərir. Biz “ASAN xidmət”in funksiyalarını genişləndiririk. Hazırda 200-dən çox xidmət göstərilir. Yaxın gələcəkdə xüsusilə kommunal ödənişlərlə, vizaların verilməsi ilə bağlı yeni xidmətlər də göstəriləcək.
Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib.
Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN VİSA” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq. Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.
Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir”.
Preizdent çıxışı zamanı əlavə edib ki, “ASAN xidmət” qısa müddət ərzində, 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda, bir daha demək istəyirəm ki, inqilab yaradıb:
“Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Bu mərkəz 10 rayona – Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Oğuz rayonlarına xidmət göstərəcək. Bu rayonlarda 900 mindən çox əhali yaşayır. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur. Beləliklə, insanlar üçün bu xidmətdən istifadə etmək daha da asan olacaq.
“ASAN xidmət” mərkəzlərində çalışanların əksəriyyəti gənclərdir, qızlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin etmək üçün daha da ciddi iş görməliyik, çalışmalıyıq. Ümumiyyətlə, məşğulluğun artırılması Azərbaycanda dövlət proqramıdır. İşsizlik Azərbaycanda aşağı səviyyədədir, ancaq hələ ki var. Ona görə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir.
Bu mərkəzdə 153 iş yeri açılır və işləyənlərin əksəriyyəti gənclərdir. Gənclər də bu gözəl şəraitdə işləyərkən özlərini gələcəyə hazırlayılar ki, cəmiyyətdə yaxşı və layiqli yer tuta bilsinlər. Mənə verilən məlumata görə, bu mərkəzdə 45 könüllü fəaliyyət göstərəcək, insanlara yardım edəcək.
Beləliklə, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik.
Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər.
Bu gündən sonra Qəbələ sakinləri və ətraf rayonlarda yaşayanlar bu xidmətdən istifadə edəcəklər və biz gələcəkdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirəcəyik. Harada ki vəziyyət hələ bizi qane etmir, harada ki xoşagəlməz hallar var, biz o funksiyaları “ASAN xidmət” vasitəsilə təşkil edəcəyik”, - deyə İlham Əliyev qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli