Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü? – FOTO

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Bir çox dövlətlər, xüsusilə də inkişaf etmiş ölkələr xarici investorları cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan biri də həmin ölkənin vətəndaşlığını ala bilmək üçün ödənilən müəyyən miqdarda pul və ya investisiyadır.

ATV.az-ın məlumatına görə, dünyanın bir çox ölkələrində pul verərək həmin ölkənin vətəndaşlığını almaq təcrübəsindən geniş istifadə olunur. Məsələn, ilk olaraq dünyanın supergüc dövləti olan ABŞ-dan başlayaq. Burada 1 milyon dollar qarşılığında və ya ölkədə iş qurmaq üçün müəyyən investisiya yatırmaqla müddətsiz vətəndaşlıq verilir. Və ya İngiltərədə, Krallıq üçün 1 milyon sterlinq investisiya yatıranlar ölkə vətəndaşlığı ala bilir.

Xüsusilə Avropa Birliyinə üzv ölkənin vətəndaşlığı alınırsa, o zaman bütün Avropa ölkələrinə vizasız səfər etmək mümkün olur. İspaniya və Maltada da müddətsiz yaşamaq asandır. Məsələn, İspaniyada 160 min avro ödəmək və daşınmaz əmlak almaqla həm orada yaşamaq hüququ verilir, həm də AB-yə üzv ölkələrə sərbəst hərəkət etmək mümkünləşir. Maltada isə 650 min avro ödəməklə birbaşa vətəndaşlıq almaq mümkündür. Heç bir investisiya yatırmağa və ya əmlak alıb-satmağa ehtiyac qalmır.

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Hesabında 2 milyon dolları olanlar Sinqapurdan vətəndaşlıq ala bilər. Amma bunun üçün daha bir şərt var – illik 160 milyon dollarlıq dövriyyəyə sahib olmaq lazımdır. Avstriyada da pul qarşılığında vətəndaşlıq haqqı tanınır, amma nə qədər pul tələb edildiyi gizli tutulur. Burada vətəndaşlıq üçün puldan əlavə qeyri-adi qabiliyyətə malik olmaq və müvəffəqiyyətlərin olması da tələb olunur. Belçika vətəndaşı olmaq üçün 3 il bu ölkədə yaşamaq lazımdır. Bu şərti yerinə yetirən şəxs dövlət tərəfindən təyin olunan müəyyən miqdar pul qarşılığında Belçika vətəndaşı ola bilir. 400 min avro dəyərində investisiya yatırıb, ən az 10 işçisi olanlar Makedoniyada vətəndaşlıq ala bilər.

Ən az bir il Bolqarıstanda yaşamaq və 1,2 milyon dollar investisiya yatırmaqla o ölkədən vətəndaşlıq almaq mümkündür. Kiprdə vətəndaşlıq almaq üçün minimum 5 milyon avro dəyərində daşınmaz əmlak almaq və bu investisiya periodunun 3 il davam etməsi gərəklidir. İnvestor öz vəsaitlərini geri almağa qərar versə, o zaman onun vətəndaşlığı ləğv edilə bilər. Beş il dövlət şirkətlərinə ən azı 50 min dollarlıq investisiya yatırmaqla Quatemalada da vətəndaşlıq almaq mümkündür.

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət, sənaye və turizm mərkəzi Honq-Konqda vətəndaşlıq almaq üçün təxminən 1 milyon 260 min dollar məbləğində investisiya yatırmaq lazımdır. 800 min dollarlıq əmlakı olan və Kanadada 400 min dollarlıq investisiya yatıranlar bu ölkənin vətəndaşı ola bilər. Slovakiyada vətəndaşlıq almaq üçün 1 milyon avro yatırım etmək lazımdır. 500 min dollarlıq yatırım tələb olunan Avroba Birliyi ölkəsi İrlandiyada vətəndaşlıq almaq üçün hökumətin təyin etdiyi zamanı gözləmək lazımdır. Bu, 3 ay da ola bilər, 5 il də.

Uruqvay vətəndaşı olmaq üçün böyük miqdarda pul ödəməyə ehtiyac yoxdur. Yalnız yoluxucu xəstəliyin olmaması və aylıq 1200 dollar maaşın olması kifayətdir. Bu ölkədə 3 il yaşadıqdan sonra Uruqvay vətəndaşı olmaq mümkündür. Dominikan Respublikasında 100 min dollar investisiya yatırmaqla vətəndaşlıq almaq olur. Əgər həyat yoldaşın və uşağın da varsa, bu məbləğ 200 min dollara çıxır. Makedoniyada 40 min avroluq daşınmaz əmlak alan xaricilərə bir il bu ölkədə yaşamaq hüququ verilir. 400 min avro dəyərində investisiya yatıranlara və ən az 10 işçisi olanlara isə vətəndaşlıq verilir. Avstraliyada 4,7 milyon dollarlıq sərmayə yatıran investor viza alaraq həmin ölkədə yaşaya bilir.

Bəs Azərbaycanda qanun necədir?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci Maddəsində bildirilir ki, azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan banklarında həmin məbləğdə pul vəsaiti olan, iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə ala bilər. Həmçinin, dövlətin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslərə 3 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir. Bunlarla yanaşı, 1 il müddətinə verilən müvəqqəti yaşama icazələrinin növbəti dəfə 2 ilədək müddətə uzadılmasına dair müddəalar da Məcəllədə öz əksini tapıb. Müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virus daşıyıcısı olan və Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də məcəllədə öz əksini tapıb.

Bəs Azərbaycanda müəyyən məbləğ ödəmək və ya investisiya yatırmaqla ölkədən daimi vətəndaşlıq almağı tətbiq etmək olarmı? Belə olarsa, bunun ölkə üçün təsiri nə ola bilər?

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Millət vəkili, Milli məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev ATV.az-a açıqlamasında bildirib ki, dünya ölkələrində bu, mövcud haldır: “Məqsəd isə odur ki, xarici vətəndaşlar bu dövlətə yatırım, sərmayə qoyurlar. Dünyanın bir çox dövlətlərində, o cümlədən aparıcı, yüksək iqtisadiyyatı olan ölkələr də bu təcrübədən istifadə edirlər. Doğrudur, xarici vətəndaşlar ölkəyə gələrkən əgər yüksək sərmayə yatırarsa, bu zaman onun üçün vətəndaşlıq almaq imkanı yaradılır. Amma bu o demək deyil ki, mütləq şəkildə bu insanlar yatırım edirsə, avtomatik olaraq vətəndaşlığa qəbul edilirlər. Bu əsas verir ki, vətəndaşa tez bir zamanda, qısa müddətdə vətəndaşlıq verilə bilər. Hər bir ölkədə vətəndaşlığı qəbul etmək üçün qaydalar var. Bu uzun bir prosesdir. Ancaq tələb olunan sərmayənin yatırılması bu prosesi sürətləndirmək imkanı yaradır. Bəzi dövlətlərdə çox sərmayə qoyan vətəndaşlar olur, amma ona vətəndaşlıq verilmir”.

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Millət vəkili deyir ki, bu əsas, ölkənin inkişafı üçün investisiya cəlb etmək məqsədi daşıyır və dünyada geniş yayılıb: “Təbii ki, Azərbaycanda da bu istisna olmaya bilər. Amma bu, qanunvericiliyin imkan verdiyi ölkələrdə olur. Azərbaycana tətbiq olunsa, burda pis heç nə yoxdur. Bu, dünya iqtisadiyyatına inteqrasiyadır və bunda qəbahət görmürəm. Hər halda istisnalar olmalıdır, öyrənilməlidir ki, həmin adam ölkəyə hansı məqsədlə gəlir. Xarici ölkələrdə də bunu öyrənirlər. Ola bilər kimsə, hansısa başqa məqsədlə sərmayə qoyur. Bu səbəbdən bunun Azərbaycanda tətbiqində problem görmürəm. Əgər araşdırılırsa, həmin adamın vətəndaşlıq almaq üçün pis məqsədi yoxdursa, o zaman ölkə vətəndaşlığı almağı normaldır”.

Millət vəkili, İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə ATV.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycanda da tətbiq oluna bilər: “Xarici ölkələrdə praktika başqa məsələlərlə bağlıdır. Bu ölkələrdə, məsələn, yüksək əmlak tələbi qoyulan və müəyyən dərəcədə mülkiyyət imkanlarına görə vətəndaşlığın müəyyən edilməsi ənənəsi var. Biz isə bir qədər yeni dövlətik. Yəni, o qədər mülkiyyəti, imkanı olan insanların cəlb olunmasını təmin edək çətindir. Çünki Bakı tutaq ki, London qədər maraq doğurmur bu insanlar üçün. Yəni mülk almaq, kapital qoymaq, müəyyən dərəcədə bu kapital imkanlarını genişləndirmək və s. Amma gələcəkdə ola bilər.

Sərmayə qoy, vətəndaşlıq al - Azərbaycanda bunu tətbiq etmək mümkündürmü?


Hər halda indiki şərtlərdə qanunvericilik bunu məqbul hesab eləmir. Amma olsa daha yaxşı olar. Çünki vətəndaşlığı bu qədər sərt şəkildə qapalı tutmaq bizim işimizə yaramır. Həm də ona görə yaramır ki, bir çox ölkələrdə böyük imkanlı insanlar var və onların ölkəyə cəlb olunması, müəyyən dərəcədə kapital qoyması üçün bu da bir stimullaşdırıcı addım ola bilər. Burada təhlükəli və pis heç nə yoxdur, onsuz da kimsə vətəndaşlığı doğrultmasa, onu vətəndaşlıqdan azad eləmək olur”.

Mənbə: ATV.az - Günay Məryəm
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *