Bloomberg Azərbaycandakı devalvasiyadan yazdı: “Asiya böhranı” geri qayıdıb
Azərbaycan və Argentina Mərkəzi Banklarının 2015-ci il ərzində məzənnə siyasətində dəyişiklik etmələri 1997-ci ildə müşahidə edilən “Asiya böhranı”nı xatırladıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Bloomberg yazır ki, Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faizlərin artımı barəsində qərarı regiona öz təsirini göstərib və bu hadisələr 1997-ci ildə müşahidə edilən “Asiya böhranı”nı xatırladıb.
“Cari il Vyetnamın dongunun dəyərinin aşağı salınması ilə başlayıb. Dekabr ayında isə Argentina və Azərbaycan peso və manatı devalvasiya edib. Bu addımlardan sonra hər iki pul vahidi üzən məzənnə rejiminin tətbiqi ilə birlikdə təxminən 30% ucuzlaşıb.
Siyasətçilər ixracatda rəqabət gücünün zəiflədiyini və valyuta ehtiyatlarının azaldığını və bu vəziyyətin, sabit məzənnə rejiminin davam etdirilməsinin böyük xərc tələb etdiyini bildiriblər”, - deyə, dərgidə yazılıb.
Commerzbankın iqtisadçılarından olan Simon Quijano-Evansa görə, bu il çəkilən sabit məzənnə rejiminin sayı 1997-ci ili ağıllara gətirib.
Londonda Commerzbankın inkişaf edən bazar strateqi Quijano-Evans deyib ki, ölkələr uzun müddət sabit məzənnə rejimində qalarsa, həmin ölkələrin valyuta ehtiyatları daha çox əriyəcək. Bu halda, büdcəni doldurmaq və gəlirləri təmin etmək üçün neftdən güclü bir asılılıq yaranacaq.
Bloomberg 2015-ci ildə baş verən devalvasiya və üzən məzənnə siyasətinə keçən ölkələrin siyahısını hazırlayıb:
1. Argentina pesosu 29% dəyər itirib.
2. Azərbaycanda üzən məzənnə rejiminə keçid manatın son 20 ildə ən aşağı səviyyəyə düşməsinə gətirib çıxartdı.
3. Qazaxıstan milli pul vahidi təngə 23% dəyər itirib.
4. Çində müşahidə edilən iqtisadi zəifliyin yuanın üzərindəki təzyiqdən sonra bu pul vahidi də dollar qarşısında ucuzlaşdırılıb.
5. Misir isə valyuta ehtiyatlarının kəskin azalmasına görə, 3 dəfə milli pul vahidini, yəni Misir funtunu devalvasiya edib.
6. Oxşar hadisələr, Şri-Lanka və Cənubi Sudanda da müşahidə edilib. Cənubi Sudan milli pul vahidini nə az, nə çox düz 84% ucuzlaşdırıb.
Mənbə:> Oxu.Az