Daxili İşlər Nazirliyi sahibkarlara müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) sahibkarlar və biznes strukturları üçün “Qaynar xətt” yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az bildiriblər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli Fərmanı DİN tərəfindən rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi xahiş olunur.
Mənbə:> Oxu.Az