Bakıda zibillikdən 100 kiloqrama yaxın qəpik çıxdı – FOTO
“Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.
Bu barədə Oxu.Az-a ASC-dən bildirilib.
Qurum bildirib ki, əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.
“Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib”-deyə, “Təmiz Şəhər” ASC qeyd edib.
Məlumat üçün bildirək ki, BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir.
Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyatı üzrə təhvil verilir və ya istifadə olunur.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli