Murad Dadaşov Leonid Yakuboviçə "Qarabağ"ın futbolkasını bağışladı – VİDEO
Rusiyanın "Birinci kanal”ında yayımlanan “Pole çudes” verilişinin dekabrın 15-dəki buraxılışı Beynəlxalq çay gününə həsr olunub.
Virtualaz.org bildirir ki, verilişin əsas sponsoru "Azərçay" ticarət markası olduğundan proqram boyu da faktiki olaraq Azərbaycandan danışılıb.
Azərbaycan kompozisiyaları səslənib. Proqramın iştirakçılarından biri şoumen və televiziya aparıcısı Murad Dadaşov olub. "Superoyun”da da məhz o qalib gəlib.
Efir zamanı Murad Dadaşov “Pole çudes”in aparıcısı Leonid Yakuboviçə müxtəlif mürəbbə növləri, Azərbaycan nefti, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" klubunun oynadığı topu və komandanın oyunçularının imzaladığı xüsusi futbolkanı hədiyyə edib.
Yeri gəlmişkən, Leonid Yakuboviç özü də "Qarabağ"ın oyunlarında olub. O, sonuncu dəfə oktyabrın 18-dəki qarşılaşmanı, hansında ki, Ağdam klubu "Atletiko-Madrid”i qəbul edirdi, izləyib...
Virtualaz.org xatırladır ki, oktyabrın sonunda efirə gedən “Pole çudes” verilişində erməni dilində “Can Qarabağ” mahnısı səsləndirilmişdi.
Həmin verilişdə Xankəndini Georgi Qasparyan təmsil etmişdi. O, barabanda hədiyyə sektoruna düşmüş, hədiyyəsini alandan sonra isə oxumaq istədiyini bildirmiş və “Can Qarabağ “mahnısını ifa etmişdi.
Baxmayaraq ki, Yakuboviç efir zamanı Azərbaycan brendini iki dəfə reklam etmişdi, erməninin həmin çıxışı Azərbaycanda kəskin reaksiyaya səbəb olmuşdu.
“Azərsun Holdinq” şirkətinin rəsmisi də “Azərçay”ın sponsor olduğu “Pole çudes”də erməni separatçılarının mahnısının efirə getməsindən dərhal sonra verilişin aparıcısı Leonid Yakuboviçlə əlaqə saxlamış və ciddi etiraz bildirmiıdi.
Hadisəyə aydınlıq gətirən Leonid Yakuboviç isə bunun təsadüf olduğunu demişdi: “Bu, qonağın öz təşəbbüsü idi. Mən erməni dilini bilmirəm və bu səbəbdən heç nə başa düşməmişəm”.
Öz növbəsində “Birinci kanal”ın rəhbərliyi verilişin bu hissəsinin YouTube portalından silinəcəyinə və insidentə görə günahkar əməkdaşların cəzalandırılacağına söz vermişdi.
Bundan əlavə, “Pole çudes” verilişinin dekabrın 15-də yayımlanacaq efirində Azərbaycan və Qarabağla bağlı dəqiq və ətraflı məlumatlar veriləcəyi bildirilmişdi.
Mənbə:> Virtualaz.org