"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub" » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Köşə

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


Son bir neçə gündür ki, sosial şəbəkələrdə Pantamimo Teatrının aktyoru Vusal Rzasoyu 1 gecənin içində məşhurlaşdıran ifadan danışılır. Bu ifa heç cür birmənalı qarşılanmır. Son 2-3 gündə bəzi məşhurların da zarafatla müraciət etdiyi bu ifa tərzi Vüsal Rzasoyun təqdimatında yutubda 1-ci, Müşviq Şahverdiyevin ifasında 3-cü, Elnarə Xəlilovun ifasında isə 4-cü sırada qərarlaşıb. Qalan bir sıra blogerlərin ifası isə yutubda ilk onluğa düşüb.

Bəzi şəxslər bunun ifa yox, biabırçılıq olduğunu, bəzilərisə yeni özünüifadə tərzi olduğunu və alt qatında fəlsəfə yatdığını iddia edirlər. Elə bir fəlsəfə ki, hər adam başa düşmür. Bu ikili yanaşmalarla bağlı Metbuat.az yazarlarımızın fikirlərini öyrəndi.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:
"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


"Adam istəsə, xoruzun necə banlamağında da fəlsəfə tapa bilər. Bəli, “Hara gedirsən” (“Quo Vadis”) həqiqətən də xristian teologiyasında çox vacib fəlsəfi sualdır. Bu sualı İsa Məsih Romadan qaçmaq istəyən Pyotra vermişdi. Polşa yazıçısı Henrik Senkeviçin dünyaca məşhur olan “Kamo qryadeşi”, yəni polyak dilində “Hara gedirsən” adlı romanı da həmin hadisələrdən bəhs edir. Amma sualın fəlsəfi olmağı mahnının da fəlsəfiliyi anlamına gəlmir. Fəlsəfi mahnı, məsələn, “Beatles”ın oxuduğu “İmagine” mahnısı kimi olar. “Ayə, harayeessən” məncə, ironik tərzdə oxunmuş boogie-rock janrına daha çox uyğun gəlir. Belə fantastik sürətlə məşhurlaşmağa gəlincə, fikir verin ki, məşhurlaşan müğənni deyil, hətta mahnı da deyil, sadəcə, “Ayə harayeessən” sözüdür. Kim bunu dinləyəndən sonra maraq üçün Vüsal Rzasoyun başqa bir mahnısını da tapıb qulaq asıbsa, əlini qaldırsın. Həmin ifadə kütlənin ruhu ilə rezonans təşkil etdiyi üçün belə bir bum yaşandı. Biz guya mahnını ələ salırıq, əslində isə hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub, danışan da bax, içimizdəki o adamlardır. Bu mahnı içimizdəki o adamların dil açmasına təkan verib, mahiyyətimizi üzə çıxarıb".

Şair-publisist Xanəmir Telmanoğlu:

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


"Sağ olsun AzTV-ni. Sayəsində Vüsalı tanıya bildim. Onu yalnız bircə dəfə dinləmək imkanım oldu. Elə ilk dinləyişimdə, onun musiqidə etdiyi bütün keçidləri tuta bildim. Vüsal olduqca istedadlı gənc sənətkardır. Tibeti anlamayan, Kaylasları dərk etməyən, qədim mantralarla tanış olmayan, sufiliyin içsəl yolçuluğunda sənə eşlik edəcək elementləri mənimsəyə bilməyən, Şumer mədəniyyətinə tamahı düşməyən, ellinləri öyrənə bilməyən, Orhun-Yenisey, Göy türk, Etrusk və ümumiyyətlə əlifbalarla, hərflərlə, səslərlə uzaqdan yaxından ilgisi, marağı olmayan bir bədbəxt bu gənci necə dərk edəcək ki, anlamıram? Bunun sübutu ondadır ki, musiqi, rəsm, poeziya, memarlıq qədər bir-birinə yaxın olan dünyada elə bir sənət yoxdur. Musiqidəki yenilikləri, elementləri poeziyaya, poeziyadakı elementləri, yenilikləri musiqiyə, yenə musiqidəki elementləri memarlığa tətbiq etmək mümkündür. Hansı ki, Azərbaycan ədəbiyyatında, mədəniyyətində bunun saysız-hesabsız nümunələrini göstərə bilərəm. Guya Mircavadı anladılar ki? Ona necə lağ elədiklərini, ələ saldıqlarını bilirsinizmi? Vaqif Mustafazadəni bəh-bəhlə qəbul elədiklərini zənn edirsiniz? Ya Əli Kərimin şeirlərini asanlıqla yaxınamı buraxırdılar? Sadəcə Vüsal ağıllı tərpənə bildi. O elə bir nöqtədən yapışıb ki, o nöqtədən hara istəsən, düz xətt çəkib aradan çıxa bilərsən. Vüsal bu ölkədə özünü ağıllı kimi aparanların çoxlarını “nakaut”a saldı. Əgər ehtiyac olarsa, onun və bu qəbildən olan sənətin incəlikləri ilə bağlı kifayət qədər söhbət edə bilərik. Alim Qasımovdan sonra, Vüsalın, məncə, irliləyəcək günlərdə potensialı ilə tanış olmağa dəyər. Vüsal dərk elədiyim qədərincə, daha çox yenilik eləmə şansına sahibdir. İstərsə, bəzi söhbətlər edə bilərik..."

Şair-publisist Aqşin Yenisey:

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


"Ölkədə ciddi mədəni, intellektual boşluq var, ona görə istənilən çırtma səsi top kimi guruldayır. Bu, öz yerində. İşin ciddi tərəfi budur ki, biz cəmiyyət olaraq istər sənətdə, istər digər sahələrdə eksperimentlərə açıq olmalıyıq, amma deyilik. Eksperiment uğursuz ola bilər, amma buna görə kütləvi iğtişaşlara ehtiyac yoxdur. Sözügedən ifaya gəlincə, mənim üçün onun dəyəri, sadəcə, AzTV kimi qədim məbəddə səslənməsidir. Eynən gənc İsa da öz quzusunu beləcə məbəddən götürüb qaçmışdı və onunla da xristianlıqda qurban bayramına son qoyuldu. Bəlkə, bu da AzTV efirində nəyinsə son müjdəsi olacaq".

Şair-publisist Cəlil Cavanşir:

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


"Azərbaycan elə bir ölkədir ki, burada bir anda məhşurlaşmaq, bir gündə rüsvay olmaq da mümkündür. Vüsalı peşəkar musiqiçi kimi tanıyıram. İfasını da dinlədim və normal qarşıladm. Məni heyrətləndirmədi, böyük sənət, heyrətamiz fəlsəfə də axtarmadım. Fərqli, klişedən uzaq bir ifa olduğu üçün zövqümü oxşadı. Kütləvi surətdə ələ salanları da, tərifləyənləri də başa düşürəm. Hər iki tərəf öz arqumentində haqlıdır. Amma bu məsələdə əsas olan Vüsalı başa düşməkdir. Mən qaraguruhun içərisində bir neçə nəfərin həqiqətən də Vüsalı başa düşdüyünə inanmaq istəyirəm".

Yazıçı-şair Tural İsmayılov:

"Hamımızın içində bir “Ayə, harayeesssəən” deyən adam oturub"


"Mən hər bir halda fərqliliyi alqışlayıram. Bəhs edilən musiqi satirik "blues" janrındadır. Düşünürəm ki, bu janr onsuz da geniş kütlələrə xitab etmir. Necə ki, andeqraund rep və ağır rok hələ də böyük tərəfdar toplamır. Qaldı ki, Vüsal bəyin ifasına, fərqliliyini və cəhdini alqışlayıram, amma çox tələsik yazılan musiqidir, bir az rəngləndirmək olardı. Azərbaycanda sürətlə məşhurlaşmaq çox asandır. Bu, əlbəttə yaxşıdır, amma həm də pisdir, çünki ciddi və intellektual şeylərin populyarlaşmağına daha çox ehtiyacımız var".

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *