Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı
AzNews.info xəbər verir ki, Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası da 2016-cı il iyun ayının 1-də saat 19:00-da Uşaqların Müdafiəsi Günü ilə bağlı olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcək.
Mənbə:> AzNews.info