Qaradağda qardaş məhkumluq həyatı yaşayan bacısını bıçaqladı
Bakının Qaradağ rayonunda qardaş bacısını bıçaqlayıb.
AzNews,info xəbər verir ki, APA-nın məlumatına görə, gecə saatlarında 1 saylı şəhər kliniki xəstəxanasına təcili tibbi yardımla bədənin müxtəlif nahiyələrinin kəsilmiş deşilmiş xəsarətləri ilə 30 yaşlı Mədinə Cəbrayıl qızı Sacadlı gətirilib.
Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hadisə barədə dərhal polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını qardaşı bıçaqla vurub. Belə ki, Ələt qəsəbəsi ərazisində yaşadıqları evdə qardaş bacısından yemək istəyib. Bacısının gətirdiyi yemək qardaşın xoşuna gəlmədikdə onlar arasında mübahisə yaranıb və qardaş masanın üstündən götürdüyü mətbəx bıçağı ilə bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Məlumata görə, həm Mədinə Sacadlı, həm də qardaşı müxtəlif vaxtlarda məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Mənbə:> APA