Xüsusi təyinatlılar oliqarxı yaxalamaq üçün havadan və qurudan hücum etdi
Azərbaycanda kredit dələduzluğuna görə oliqarxların bir-birinin ardınca saxlanıldığı bir vaxtda beynəlxalq axtarışda olan məşhur rusiyalı oliqarx, “Mirax Group” developer şirkətinin sahibi Sergey Polonski də Kamboca xüsusi təyinatlılarının eyni vaxtda havadan və qurudan başlatdıqları əməliyyat zamanı həbs olunub.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, xüsusi təyinatlılar oliqarxı şəxsi adasında həbs etmək üçün vertolyotlardan və sürət katerlərindən istifadə edib.
S.Polonskinin maraqlarını müdafiə etmiş hüquqşünas Aleksandr Dobrovinski bildirib ki, onu havadan və qurudan eyni vaxtda hücum edən, təpədən dırnağa silahlanmış iki xüsusi təyinatlı hərbi dəstə yaxalayıb.
Həbs edilən S.Polonski adadan vertolyotla Kamboca silahlı qüvvələrinin bazalarından birinə aparılıb. Onun sahildə lövbər salmış nəhəng yaxtasında axtarış aparıldığı və narkotik maddə tapıldığı bildirilir.
Hüquqşünas A.Dobrovinski S.Polonskinin nədə ittiham olunduğunu, çoxdandır onun maraqlarını müdafiə etmədiyi üçün təmasda olmadığını deyib.
A.Dobrovinski bildirib ki, S.Polonskini Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında, yoxsa Kambocada törətdiyi hansısa əmələ görə saxladıqlarını bilmir.
Oliqarxın vəkillərindən biri Slavik Brosyan isə təsdiq edib ki, Polonski bu gün həbs edilib.
Oliqarxla birlikdə onun yanında olan vəkilləri də saxlanılıb. S.Polonskinin rəsmi təmsilçisi biznesmenin tutulduğunu təsdiq edib. Ancaq bildirib ki, bunun həbs, yoxsa saxlanılma olduğunu bilmir.
Sergey Polonski 2013-cü ilin avqustundan beynəlxalq axtarışdadır. Rusiyada onu yaşayış kompleksinin tikintisi zamanı fırıldaqçılıqda və dələduzluq yolu ilə 5,7 milyard rublu mənimsəməkdə ittiham edirlər.
Biznesmeni bundan əvvəl Rusiyanın sorğusu əsasında Kambocada həbs etsələr də tezliklə buraxmışdılar. Daha sonra o, kambocalı qulluqçunu döyüb dənizə atdığı üçün saxlanılmışdı.
Rusiya Polonskinin ekstradisiyası üçün üç dəfə sorğu verib, ancaq hər dəfə Kamboca hakimiyyəti onun ekstradisiyası üçün əsas olmadığını bildirib. Hərçənd ki, Polonskinin tutulub gətirilməsi üçün tapşırığı şəxsən prezident Putinin verdiyi deyilir.
Polonski əslən Sankt-Peterburqdandır. 22 yaşında tikinti biznesinə girib. Lakin onun ulduzu 2000-ci illərin əvvəllərində, Putinin hakimiyyətə gəlişindən sonra parlayıb. Biznesmen Moskvanın daşınmaz əmlak bazarına girərək yaşayış kompkesləri, ticarət və ofis mərkəzləri inşa edib.
Onun tikinti biznesi Rusiyanın hüdudlarından kənara çıxaraq Ukrayna, Fransa, Kamboca, ABŞ, Monteneqro, Britaniya və İsveçrəyə də yayılıb.
“Mirax Group”un illik gəliri milyardlarla dollar hesablanırdı. İstintaqın versiyasına görə, Polonskinin şirkəti Moskvaa növbəti yaşayış kompleksinin tikinisi zamanı payçıları aldadıb və 5,7 milyard dollar rubl vəsaiti mənsimsəyib.
Barəsində cinayət işinin qaldırılmasından xəbər tutan Polonski Rusiyadan qaçıb və Kambocadakı şəxsi adasında məskunlaşıb. O, Rusiyanın ən qeyri-adi, “sehrbaz” və ekssentrik biznesmeni hesab edilir.
Mənbə:> Virtualaz.org