"Vampir rolunu oynamaq istərdim" – İLİN ƏN GÖZƏL MODELİNDƏN MÜSAHİBƏ + FOTOSESSİYA
- Salam Raminə xanım. Oxucularımıza özünüzü necə təqdim edərdiniz?
- 22 yaşım var, ailənin tək uşağıyam. Azərbaycan Dillər Universitetiin məzunuyam. Modelliklə məşğul oluram. Miss High Life International müsabiqəsinin qalibi, eyni zamanda Miss Cosmopolitan, Miss Rixos, İlin ən gözəl modeli adlarına layiq görülmüşəm. Bu yaxınlarda Miss AIS Travel adını da qazandım.
- Uşaqlığınız necə keçib? Hansı xatirələriniz var?
- Uşaqlıqda təhsilim ön planda idi. Bir sıra olimpiadalarda iştirak etmişəm. Azərbaycan tarixi olimpiadasında isə respublika üzrə ikinci yeri tutmuşam.
- Balaca Raminə ilə indiki Raminə arasında ən əsas fərq hansıdır?
- İndiki Ramina daha çox çalışır, hər bir sahədə daha təcrübəlidir, insanları və dünyanı daha yaxşı tanıyır. Amma insanlara, onların düzgünlüyünə və xeyirxahlığına olan uşaq inamı dəyişməz olaraq qalıb.
- Sizə Azərbaycanın Nikol Kidmanı da deyirlər. Sizcə oxşarlıqlarınız çoxdurmu?
- Məni onunla müqayisə etmələri çox xoşuma gəlir. O çox gözəl qadındır, hətta deyərdim ki, gözəllik simvoludur. Ən əsası isə, istedadlı bir aktrisadır. Əslində bizi Nikolun çəkildiyi filmin qəhrəmanı obrazını fotosessiyalarda canlandırmağımdan sonra müqayisə etməyə başladılar. İki il öncə isə Merlin Manro obrazını canlandırdıqda, mənə, ona da çox oxşadığımı dedilər.
- Hansınız daha gözəlsiniz?
- Əlbəttə ki, onların hər ikisi. Onlar dünya ulduzudur, onların səviyyəsinə çatmaq üçün çoxlu çalışmaq lazımdır.
- Bəs sizə yerli filmlərə çəkilmək təklifi olsa qəbul edərdinizmi?
- Hər şey ssenaridən asılıdır. Mənə artıq bir neçə dəfə seriallarda çəkilmək təklifi olunub. Lakin, ssenari ilə tanış olduqdan sonra imtina etmişəm. Rollar çox bayağı idi. Bacanaqlar serialı və Bozbash Pictures-də isə sadəcə bir neçə epizodik rolları ifa etmişəm. Bundan başqa bir neçə klipə çəkilmişəm.
- Sizcə Raminə hansı rolun öhdəsindən daha gözəl gələrdi?
- Soyuqqanlı şahzadə, tənha vampir və ya gizli agent rolunu oynamaq istərdim. Bu doğurdan da, maraqlı olardı. Amma, təəssüflər olsun ki, bizdə kinomatoqrafiya hələ o dərəcədə inkişaf etməyib.
- Bəs niyə modellik? Bu sənətdə sizi cəlb edən nədir?
- Model hər dəfə fərqli ola bilir, hər dəfə özündə yeni və fərqli obrazlar təcəssüm etdirə bilir. Model siması və bədəni ilə hər hansı bir ideyanı nümayiş etdirə bilir. O, sadəcə gözəl bir barbi oyuncağı deyil.
- Nude fotosessiyalarda çəkilərdinizmi?
- Xeyr. Bunun üçün, mənim öz səbəblərim var, öz prinsiplərim var. Bizim mentalitet bu tipli çəkilişləri müsbət qarşılamır, baxmayaraq ki, xarici modellərin bu mövzuda çəkilişlərini burada hamı bəyənir. Bundan əlavə, Victoria’s Secret kimi brendimiz də yoxdur ki, lazımı səviyyədə bir çəkiliş mümkün olsun.
- Azərbaycanda hansı xanım və kişi modelləri bəyənirsiniz?
- Bizim bir sıra gözəl xanım modellərimiz var. Eyni zamanda Rüstəm Cəbrayılov, Pərviz Əliyev və Fərhad Nəzərov kimi yaraşıqlı kişi modellərimiz var. Sonuncu iki modellə hətta “Tibb bacısı” mövzusunda birgə çəkilişlərimiz də baş tutub.
- Xanım modellərdən heç kimin adını çəkmədiniz. Niyə?
- Çünki istəmirəm. Kiminsə adını çəksəm, digərləri küsəcək. (gülür)
- Ümumiyyətlə xəyallarınızdakı kişini necə biri kimi təsəvvür edirsiniz?
- O, Enrike İqlesias kimi görünməlidir. Hətta, bir dəfə mənə elə gəldi ki, mən onu artıq burada, Bakıda tapmışam. Lakin sonra anladım ki, səvh edirəm.
- Həyatınızda sevgi varmı?
- Hal-hazırda həyatımda heç kim yoxdur.
- Ailə həyatı qurmaq istərdinizmi?
- Hazırda xeyr. Çox güman, gələcəkdə. Bilirsiniz, bu çox ciddi bir addımdır. Hazırda mənim ailəm var. Bu, mənim sevimli valideynlərim və qohumlarımdır.
- Ailə həyatı qursanız, sənətinizi davam etdirməyi düşünürsünüzmü?
- Hər şey mənim nə vaxt, necə və kimlə ailə quracağımdan və ailə quracağım şəxsin ailəsinin mənim sənətimi necə qarşılayacağından asılıdır. Mənim sənətim ailə həyatıma mane olacaqmı, bilmirəm. Lakin, düşünürəm ki, həqiqi sevgi ilə sevən biri hər şeyə rəğmən sevməlidir. Hər halda, 30 yaşıma qədər model həyatımı bitirəcəyimi düşünürəm.
- Sənətinizdə hansı yeniliklər gözlənilir?
- İndi başım təhsilimə qarışdığından vaxt problemim var. Amma, tezliklə yeni video və foto layihələrlə yeni obrazlarda qarşınızda olacam.
- Son olaraq AzNews.info oxucularına nə demək istərdiniz?
- Saytınızı hər zaman sevə-sevə oxuyuram. Digər oxuculara isə məqsədlərinə nail olmağı, ən əsası isə sağlam və xoşbəxt olmaqlarını arzu edirəm.
Orxan Səfərli
Mənbə:> AzNews.info (Orxan Səfərli)