Azərbaycan elminə ağır itki » AzNews.info -Xəbər portalı

Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki


Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın görkəmli botanik-alimi, AMEA Nəbatat Bağının sabiq direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı fevralın 23-də ömrünün 77-ci ilində vəfat edib.

Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 1955-ci ildə Dövlətyarlı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirib. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurub. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olub, 1973-cü ildə “Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülüb. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilib.


Alim 200-dən çox elmi əsərin müəllifidir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplamışdır. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunub. Əsas elmi nailiyyətləri geofitlərin taksonomik tərkibi, həyatı formaları, Qafqazda yayılmasının öyrənilməsi və onların Abşeron şəraitində becərilmə aqrotexnikasını işləyib hazırlanması olub. Tədqiqatlar nəticəsində Qafqaz geofitlərinin konspekti tərtib olunub, 28 fəsilə 92 cinsdən olan 526 növün, o cümlədən 125 nadir və nəsli kəsilməkdə olan növün taksonomik həyatı formalarına görə 4 qrupa ayrılıb. 2004-cü ildə “Qafqazın geofitləri və onların Abşeronda introduksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Alimin “Qafqazın geofitləri”, “Konspekt qeofitov Kafkaza” və s. kimi əsərlərində Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə öyrənilib. “Qırmızı kitab”, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar “Tərəqqi” medalı və elmdə qazandığı nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanları ilə təltif edilib.

Tanınmış alim və səmimi insan Oruc İbadlının xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *